Miras əmlakının bölüşdürülməsi zamanı ögey anaya pay düşürmü? - ŞƏRH

Əmlakın bölüşdürülməsi zamanı ögey anaya evdən pay düşürmü?


  • 4 Sentyabr 2019 15:40

“Atam vəfat edib, onun ikinci həyat yoldaşı var. İndi miras əmlakının bölüşdürülməsi prosesi gedir. İkinci həyat yoldaşı evin tikilməsində və təmirində iştirak etməyib. Əmlakın bölüşdürülməsi zamanı ögey anaya evdən pay düşürmü?”

Oxucumuzun sualına cavab almaq üçün vəkil Elnur Quliyevə müraciət etdik.

Vəkil e-huquq.az-a bildirib ki, ikinci həyat yoldaşı ölən kişi ilə rəsmi nikah bağlayıbsa, ona evdən pay düşür: “Kişi və onun ikinci həyat yoldaşı rəsmi nikahda olduqları müddət ərzində onlar birgə əmlak əldə ediblərsə, onun 50 faizi həyat yoldaşının payına düşür. Yerdə qalan 50 faiz digər vərəsələr arasnda şərik bölüşdürülür”.

Onun sözlərinə görə, kişidən qalan əmlaklar birinci evlilik ərzində əldə olunubsa, o zaman ikinci həyat yoldaşı digər vərəsələrlə bərabər pay hüququna malikdir. E. Quliyev misal üçün qeyd edib ki, ikinci həyat yoldaşı ilə nikah dövründə dəyəri 100 manat olan əmlak alınıbsa, mirasın bölüşdürülməsi zamanı onun 50 manatı arvadın, qalan 50 manatı isə digər vərəsələr arasında bərabər şəkildə bölüşdürülür: “Yox əgər 100 manatlıq əmlak birinci nikah dövründə əldə olunubsa, o zaman ikinci həyat yoldaşı ilə birlikdə digər vərəsələr arasında pay bərabər bölünür. Tutaq ki, kişinin 3 uşağı varsa, o zaman hərəyə 25 manat düşür”.

Vəkil diqqətə çatdırıb ki, ikinci həyat yoldaşının rəsmi nikahı yoxdursa, əmlakın bölüşdürülməsində ona pay düşmür: “Lakin rəsmi nikahı olmasa belə, ikinci həyat yoldaşın övladı varsa və ona atalıq veriblərsə, uşaq vərəsə sayılır və ona pay düşür”.

Məftun Salmanov

Oxşar xəbərlər