- 29 May 11:52
Azərbaycanda mühafizə orderi digər fəaliyyətlərə nisbətdə çox zəifdir.
Bunu E-huquq.az-a "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova ölkəmizdə mühafizə orderi ilə bağlı vəziyyəti şərh edərkən deyib.
M.Zeynalova fikrini onunla əsaslandırıb ki, mühafizə orderi bütün dünyada hüquq-mühafizə orqanları tərəfindən tətbiq edildiyi halda, Azərbaycanda bu fəaliyyət icra strukturlarına verilib: “Bütün dünyada mühafizə orderi hüquq-mühafizə orqanları tərəfindən tətbiq edilir və buna da operativ təsir göstərilir. Ölkəmizdə isə bu fəaliyyət növü icra strukturlarına verilib”.
Birlik sədri mühafizə orderinin icra mexanizmi ilə bağlı problemlərin olduğunu qeyd edib: “Düzdür, ölkədə mühafizə orderi tətbiq edilir. Lakin icra strukturları mühafizə orderlərini ilkin 30 gün müddətinə versələr də, onun təsir dairəsi və təhlükəsizlik mexanizmi məsələsi yetərincə təmin olunmur”.
O ümid etdiyini bildirib ki, gələcəkdə bu məsələ hüquq-mühafizə orqanlarına tapşırılacaq: “Praktika göstərir ki, bu tələb təmin olunmalıdır. Mühafizə orderlərinin icra strukturları tərəfindən verilməsinə baxmayaraq, hüquq-mühafizə orqanları sığınacaqlar və təhlükəsizlik məsələləri barədə kifayət qədər məlumatlıdırlar. Bunun sayəsində onlar qabaqlayıcı tədbir kimi dərhal müvafiq şəxsləri sığınacaqlara göndərirlər”.
Mövzu ilə bağlı E-huquq.az-a açıqlama verən vəkil Cavid Rzazadə deyib ki, mühafizə orderi almaq istəyən şəxs ərizə ilə məhkəməyə müraciət etməlidir. Onun sözlərinə görə, məhkəmənin qətnaməsi əsasında həmin şəxsə mühafizə orderi verilir və o, ardından icraçıya göndərilir. Vəkil qeyd edib ki, mühafizə orderinin icrası məsələsi əsasən onu alan şəxsin müraciətlərindən asılıdır: “Məsələn, mühafizə orderi verilib ki, bu şəxsə müəyyən məsafədən yaxın durulmasın, sosial şəbəkələr vasitəsi ilə əlaqə saxlanmasın. Şikayət edilən şəxs bu qaydaları pozarsa, mühafizə orderini alan adam sübutlarla icraçıya müraciət edə bilər”.
C.Rzazadə əlavə edib ki, mühafizə orderi ölkədə işlək vəziyyətdədir: “Mühafizə orderi qısamüddətli və uzunmüddətli verilir və bu müddət artırıla bilər. Qısamüddətli mühafizə orderini müvafiq icra hakimiyyəti verir və onun müddəti1 ayadək təşkil edir. Bu mühafizə orderi məhkəmənin qərarı olmadan verilir. 1 aydan 6 ayadək olan uzunmüddətli mühafizə orderi isə məhkəmə qətnaməsi əsasında verilir”.
Sonda o diqqətə çatdırıb ki, vətəndaşlar mühafizə orderlərini vaxtında alsalar, qətllərin, cinayətlərin sayı azalar.
Qeyd edək ki, Məişət Zorakılığının qarşısının alınması haqqında qanunda Mühafizə Orderi adlı bəndi var. Zərər çəkmiş şəxsə qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilə bilər. Qısamüddətli mühafizə orderində məişət zorakılığını törətmiş şəxsə məişət zorakılığının təkrar törədilməsi, yeri məlum olmadıqda həmin şəxsin axtarılması, ona qarşı narahatlıq gətirən digər hərəkətlərin edilməsi qadağan edilir. Uzunmüddətli mühafizə orderində isə əlavə olaraq məişət zorakılığını törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət, yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydalarının müəyyən edilməsi əksini tapıb.
Qanunun tələbinə görə məişət zorakılığı törətmiş şəxsin hərəkətləri cinayət məsuliyyəti yaratmadıqda, lakin bu hərəkətlər nəticəsində zərər çəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin şəxsə yazılı xəbərdarlıq edilə və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilə bilər. Müvafiq icra hakimiyyəti orqanı müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edir və dərhal zərər çəkmiş şəxsə 30 gün müddətinədək qısamüddətli mühafizə orderi verir. Şəxsin qısamüddətli mühafizə orderinin tələblərinə əməl etməməsi uzunmüddətli mühafizə orderinin verilməsi üçün əsas ola bilər. Uzunmüddətli mühafizə orderi isə 30 gündən 180 gün müddətinə verilir. Bu orderin verilməsi barədə məhkəmə qərarının çıxarılması qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
Məftun Salmanov