- 18 İyun 17:10
Nikah pozulduqda sonra ən çox verilən suallardan biri də odur ki, ər (arvad) birgə nigah dövründə əldə etdikləri əmlakdan neçə il müddətində pay tələb edə bilər?
Nəzərinizə çatdırım ki, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur (Ailə Məcəlləsi maddə 36.9)
Ümumiyyətlə əmlak tələbinə dair 3 illik müddətinə müxtəlif yanaşılırdı.
1. Bəziləri nigah pozulduqda qətnamə qüvvəsini aldıqda müddətin başlanılması 2. Bəziləri nigahın pozulması şəhadətnaməsini aldıqda başlanılması mı 3. Bəziləri isə hüququn pozulduğunu bildiyi andan.
Bu da problemlərə yol açırdı.
İddia müddətini müəyyən edən normaların tətbiqi zamanı məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydaları rəhbər tutur (Ailə Məcəlləsi 8.2). Sonda bununla bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi son nöqtəni qoydu. Lakin düşünürəm gecikmiş bir qərardır. 29 iyul 2019 - cu il tarixli Azərbaycan RRespublikasının Konstitusiya Məhkəməsi Plenumunun Qərarı. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair
1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır.
2. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqedən çıxış edərək müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə olunsun ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin.
Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə Onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir (Ailə Məcəlləsi 32).
Son olaraq qeyd edim ki, gələcəkdə hər hansı problemlərin olmaması və məhkəmə çəkişmələrinin uzun çəkməməsi üçün nigah müqaviləsi bağlasınlar. Bunun inamla, güvənlə əlaqəsi yoxdur.
Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər. Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. Ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər. Nikah müqaviləsində nəzərdə tutulmuş hüquq və vəzifələr müəyyən müddətlərlə məhdudlaşa bilər, müxtəlif şəraitin yaranıb-yaranmamasından asılı ola bilər.
Nikah müqaviləsində ər-arvadın hüquq və fəaliyyət qabiliyyətini, öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququnu, uşaqlara münasibətdə hüquq və vəzifələrini, eləcə də ər-arvad arasındakı şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyən, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin(arvadın) saxlanılması üçün vəsait almaq hüququnu məhdudlaşdıran, ər-arvaddan birini çox əlverişsiz vəziyyətə salan və ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar nəzərdə tutula bilməz (Ailə Məcəlləsi maddə 38). Nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər. Nikahın bağlanmasının dövlət qeydiyyatına qədər bağlanmış nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir.Nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur (Ailə Məcəlləsi maddə 39).
Rahim Abıyev
Hüquqşünas