"Reproduktiv texnologiyaların tətbiqi yaşamaq hüququna maneə yaratmamalıdır" - MÜSAHİBƏ


  • 1 Avqust 2022 11:28

Elmi-texniki tərəqqi insanlığın bütün sferalarına sirayət etməyə, xüsusən də, biologiya və tibb sahəsində elmi nailiyyətlər öz faydalarını verməyə başlayıb. Bir çox müalicə olunmayan xəstəliklərin kodları açılıb, insanlıq üçün əlçatmaz olan arzulara nail olunub. Reproduktiv fəaliyyət sahəsi də texnologiyaların istifadəsi geniş sürət alıb, o cümlədən surroqat analıq və s. belə sahələrdən biridir. Həm biologiya, həm də hüquq təhsilinə malik, tibbi hüquq sahəsində mütəxəssis olaraq pedoqoji və elmi fəaliyyətlə məşğul olan Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dissertantı Hikmət Babayev mövzu ilə bağlı e-huquq.az-ın suallarını cavablandırıb.

Hikmət müəllim, siz mütəxəssis olaraq, son dövrlərdə geniş müzakirlərə səbəb olmuş reproduktiv texnologiyalar barədə nə düşünürsünüz?

- İlk növbədə belə aktual mövzuya yer verdiyiniz sizə təşəkkürümü bildirirəm. Müsahibəmə belə başlayım ki, biotexnoloji fəaliyyətin inkişafı ilə reproduktiv sağlamlığın reproduktiv hüquqların təmini problemi də aktuallaşır. Reproduktiv sağlamlıq azad seçim əsasında nəsil artırma qabiliyyətinin olması deməkdir. Yəni insan təbiətin məhsuludur. İnsan təkmilləşdikcə inkişaf edir, sağlamlığı, ilk növbədə reproduktivliyi insan təhlükəsizliyinin hüquqi ölçüsü ilə təminatlandırılr.

Eyni zamanda, reproduktiv sağlamlıq da reproduktiv insan hüquqlarına əsaslanır. Belə ki, reproduktiv seçim hüququ da daxil olmaqla reproduktiv hüquqlar institutu bəzi insan hüquqıarını əhatə edir. Bu hüquqlar daxili qanunvericilikdə, insan hüquqları üzrə beynəlxalq müqavilələrdə tanınan hüquqlardır. Həmin hüquqlar istənilən ər-arvad cütlüyünün və ya ayrıca götürülmüş şəxslərin uşaq doğumu üzrə doğumun intervallarının uşaqların sayının müəyyən edilməsi əsas hüquq və vəzifələrin tanınması ilə yüksək səviyyədə seksual və reproduktiv sağlamlıq haqqında informasiyaya malik olmanı əhatə edir.

Reproduktiv hüquqların məzmunu, bu hüquqların realizə mexanizmləri onların insan hüquqları sistemində yerini müəyyən etmədən biotexnoloji və biotibbi tədqiqatlar əhəmiyyətsiz olardı. Xüsusən də, hamiləliyin süni yolla kəsilməsi, yüksək reproduktiv texnologiyaların tətbiqi beynəlxalq və milli hüquqi tənzimetməni şərtləndirməkdədir.

Reproduktiv hüquqlar geniş mənada iki prinsipi – reproduktiv sağlamlığın mühafizəsi və reproduktiv özünütəyinetmə hüququnu əhatə edir. Bu hüquqlar həm milli qanunlarımızda da, həm də beynəlxalq aktlarda təsbit edilməkdədir.

Fərqli tənzimetmə yanaşmaları olsa da, bir sıra ölkələrdə insan embrionunun yaşamaq hüququ həm qanunvericiliklə, həm də məhkəmə praktikası ilə tanınıb. Azərbaycan Respublikasının qanunvericiliyində də embrionun əmlak və yaşamaq hüquqlarının tənzimlənməsi üzrə normalar mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür kimi təsbit edilir. Embrionun statusu üzrə ədəbiyyatın təhlilindən əsasən iki yanaşma diqqətə gəlir: bir halda embrion hüquq subyekti kimi insana bərabər tutulmaqla hüquq münasibətlərinin tam hüquqlu iştirakçısıdır; ikinci halda embirion ananın orqanizminin hissəsi olmaqla insanın orqanlarına bərabər tutulur və əşya kimi əmlak xarakterli hüquq münasibətinin obyekti olaraq qəbul edilir. Məsələnin hüquqi aspektinin həll edilməsi tibbi-bioloji müəyyənlikdən keçir. Amerikalı doktor E.Hant qeyd edir ki, “mayalanmış yumurta hüceyrə -sadəcə spesifik özünəməxsus xarakterik xüsusiyyətləri olan kütlə deyil. O, özünün bu mərhələsində nə çiçək butonuna, nə də heç bir halla heyvan dölünə oxşamır. Bu tamamilə və mütləq insan həyatının mahiyyətidir və o yetkin insanın, yeniyetmənin, uşağın və yeni doğulmuş körpənin malik olduğu həyata malikdir.

Bir çox müəlliflər hesab edirlər ki, reproduktiv hüquqlar “azadlığın təhrif edilməsi formasıdır”. Reproduktiv hüquqlar şəxslərin cinsi və sosial özünürealizəsini cəmiyyətin mənəvi və fiziki sağlamlığından, onun mənəvi dayaqlarından üstün tutmamalıdır. Bu əxlaqi, etik tələb əsasən dini əsaslara malik olsa da eyni zamanda embrionun bütün inkişaf mərhələsində yaşamaq hüququnun tanınmasını bərqərar edir.

Elm və texnikanın inkişafı ilə reproduktiv texnologiyalara müraciətlər də artır. Hazırda köməkçi reproduktiv texnologiyaların tətbiqi ilə yeddi milyondan artıq uşaq doğulmuşdur. Müasir dövrdə embrionun süni yolla mayalanmasının müxtəlif üsulları mövcuddur. Bunlardan ekstrakorporal, süni mayalanma, embrionun implantasiyası, partogenez və s. qeyd edilə bilər. Bu üsullar sonsuzluğun həlli, bəzən “digər şəxslərin xəstəliklərinin müalicəsi” üçün tətbiq edilən biotexnoloji metodlar olub, laboratoriya şəraitində mayalanmış embrionun analığa (uşaqlığa) köçürülməsidir.

Siz fikirlərinizdə embrion hüquqlarına yer verirsiniz, nədən ibarətdir bu hüquqlar?

- Reproduktiv texnologiyaların tətbiqində əsas meyar yaşamaq hüququna maneə yaratmaması olmasıdır. 1997-ci il Oviedo Konvensiyasının 18.1-ci maddəsində deyilir ki, əgər qanun in vitro embrion üzərində tədqiqatların aparılmasına icazə verirsə, yenə də həmin qanun bu embrionun zəruri müdafiəsini nəzərdə tutmalıdır.

İnsan embrionunun yaradılması üçün istifadə olunan metodların tətbiqinə münasibətdə fərqli fikirlər mövcuddur. Bu fərqli fikirlərin təhlili Avropa Şurasının bioetika məsələləri üzrə Rəhbər Komitəsinin hesabatında ətraflı yer aldığından yalnız onun bəzi məqamıarını diqqətə gətirmək istərdik. Bəzi alimlər hesab edirlər ki, uşağın yaradılması və doğulması “təbii qanun” nəzəriyyəssinə əsaslanmalıdır. İnsan embrionu ilə hər cür manipulyasiya yolverilməz sayılır. Hesab edilir ki, embrion mayalanma anından yaşamaq hüququ əldə edir.

Reproduktiv texnologiyalardan beynəlxalq hüquqa görə “hər qadına” deyil, müstəsna olaraq heterogen cütlüklərə və müstəsna olaraq dölsüzlüyün müalicəsi məqsədilə istifadə edilməlidir. Digər üstünlük təşkil edən qradualist yanaşmanın tərəfdarları yalnız o texnologiyaları qəbul edirlər ki, onlar əxlaqi və hüquqilik meyarına malikdirlər. Prinsip etibarı ilə cütlük münasibətlərində ailənin vahidliyini pozmur, təbii yolla mayalanmadan fərqlənməməklə embrionun həyatını təhlükəyə qoymur. Fərqli fikirlərin mövcud olması ona gətirib çıxarıb ki, reproduktiv texnologiyalara münasibətdə ayrı-ayrı dövlətlərin qanunvericilik təcrübəsi də bir-birindən ciddi formada fərqlənir. Bəzi ölkələrdə, məsələn, Fransanın, İtaliyanın, İsveçrənin qanunvericilik məsələnin həllində ziddiyyətli mövqeyə malikdirsə, digərlərində məsələn, ölkəmizdə, Ukrayna və s. reproduktiv texnologiyalara münasibətdə qanunvericilik həddindən artıq səmərəsiz qalmışdır. İfadə edilən yanaşmanın tərəfdarlarına görə cinsiyyət hüceyrələrinin donorluğunu, insan embrionlarının hazırlanması və konservasiyasını nəzərdə tutan texnologiyalar məqbul sayılmır.

Liberal nəzəriyyə tərəfdarlarına görə reproduktiv texnologiyaların tətbiqində heç bir ziddiyyətli məqam yoxdur və dölsüzlüyün tətbiqində reproduktiv texnologiyalar zəruri vasitə kimi qiymətləndirilir. Ümumi hal ondan ibarətdir ki, reproduktiv texnologiyaları dayanaqlı formada tənzim edən qanunvericilik praktikası bərqərar olmamışdır. Yalnız beynəlxalq hüquq aktları və bəzi ölkələrin qanunvericiliyi embrion üzərində “in virto” tədqiqatların keçirilməsində yüksək texnologiyaların tətbiqinə icazə verir. Bu zaman müalicə və kommersiya məqsədləri diqqətə gəlməkdədir. Azərbaycan Respublikasının qanunvericiliyində də qeyd etdiyimiz kimi embrionun statusu üzrə norma yoxdur. Bu halı dünya praktikası ilə əlaqələndirmək olar. Embrionun təbiəti ilə bağlı fəlsəfi problemlər müəyyən edilmədiyi üçün hüquqi status da həll edilməmişdir. Avropa Şurasının Bioetika üzrə Rəhbər Komitəsinin 2003-cü il İnsan embrionunun in vitro müdafiəsi məsələləri üzrə hesabatında da bu qeyri-müəyyənliyə diqqət çəkilib. Süni reproduksiya ilə bağlı tənzimetmə qaydası da məqbul sayılmamalıdır. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunun qeyd etdiyimiz V fəslində süni mayalanma və embrionun statusunun tənzimlənməməsi yeni bir qanunvericilik aktının qəbul edilməsini tələb edir. Qanunvericilikdə ekstrakorporal mayalanma, surroqat analıq üzrə köməkçi reproduktiv texnoloji proseslər təsbit edilməlidir.

Ən çox müzakirə edilən məsələlərdən biri də surroqat analıqdır. Sizcə bu vasitənin köməyi ilə uşağın dünyaya gəlməsi və onun həm ana bətnində və həm sonrakı hüquqları necə müəyyənləşdirilməlidir?

- Birinci növbədə qeyd edim ki, bir çox beynəlxalq həmkarlarımın, o cümlədən Türkiyyəli hüquqşünasların fikirlərinə qatılaraq surroqat ana ifadəsinin əvəzinə daşıyıcı ana ifadəsinin işlədilməsinin tərəfdarıyam. Reproduktiv texnologiyaların tətbiqi ilə təmin edilən süni mayalanma və ya embrionun implantasiyası zamanı meydana çıxan problemlərdən biri də daşıyıcı ananın, digər sözlə “surroqat ana”nın razılığının tənzimlənməsi təşkil edir.

Ölkələrin qanunvericiliyi surroqat analıq məsələsinin həllində bir-birindən ciddi formada fərqlənməkdədir. Məsələn, Fransa, Almaniya, Acstriya, Norveç, İsveç, ABŞ-ın Arizona, Miçiqan, Nyu-Cersi ştatlarında surroqat analıq tamamilə qadağan edilib. Bəzi ölkələrdə (məsələn Böyük Britaniyada yalnız surroqat ananın xərcləri istisna olmaqla) qeyri-kommersiya məqsədli surroqat analığa icazə verilir. Kanada, İsrail, Hollandiyada surroqat analığın reklamı qadağan edilib. Bəzi ölkələrdə (məsələn, Belçika, Yunanıstan, İspaniya və s.) qanunvericilik tənzimlənməsi yoxdur. Postsovet ölkələrində, o cümlədən Azərbaycan Respublikasında surroqat analıq institutu qanunvericiliklə tənzimlənir.

Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 46.4-cü maddəsində isə həmin Aktın bu müddəasına uyğun olaraq qeyd edilmişdir ki, öz aralarında nikahda olan və süni mayalanma və ya embrionun implantasiyasının tətbiqi barədə yazılı razılığı olan valideynlərin həmin metodlar nəticəsində uşağı olduqda, uşağı doğan qadının (surroqat ananın) razılığı ilə doğum haqqında şəhadətnamədə onlar uşağın valideynləri kimi qeydə alınırlar. Əslində bu maddədə nikahda olan və öz aralarında süni mayalanma və ya embrionun implantasiyasının tətbiqi barədə yazılı razılığı olan valideynlərin həmin metodlar nəticəsində uşağı olduqda, uşağı doğan valideynlərdən biri olan qadının razılığı ilə doğum haqqında şəhadətnamədə onlar uşağın valideynləri kimi qeydə alınması nəzərdə tutulsa da müəllifin fikri qarışıq yazması, eyni zamanda “suroqat ana” ifadəsini maddənin tərkibində işlətməsi maddənin düzgün tətbiqini çətinləşdirməklə yanlış məhkəmə presedentinin yaranmasına səbəb ola bilər. Belə ki, daha doğrusu həmin Məcəllənin 46.5-ci maddəsində öz aralarında nikaha daxil olan və başqa qadına embrionun implantasiyasına yazılı şəkildə razılıq verən şəxslər yalnız uşağı doğan qadının razılığı ilə uşağın valideynləri kimi yazıla bilərlər anlayışı bura “uşağı doğan qadının” sözlərindən sonra “daşıyıcı ana” və ya “suroqat ana” ifadəsi əlavə edilməklə yanlışlığı aradan qaldırmış və Məcəllənin tələblərinin beynəlxalq normalara uyğunlaşdırmasını təmin etmiş olur.

Eyni zamanda Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 46.4 və 46.5-ci maddələrinə görə ailə planlaşdırılması baxımından daşıyıcı ana, digər sözlə “surroqat ana” yol veriləndir və bunun mahiyyəti də insan hüquqlarının təmin edilməsində tam yer almışdır.

Digər tərəfdən yuxarıda qeyd edildiyi kimi, reproduktiv hüquqlar geniş mənada iki prinsipi – reproduktiv sağlamlığın mühafizəsi və reproduktiv özünütəyinetmə hüququnu əhatə edir. Məsələn, bir sıra ürək-damar, böyrək çatışmazlıqları, irsi xəstəliklər zamanı, eləcə də digər bir sıra sosioiloji qayğılar baxımından, məsələn ana peşəkar idmançıdırsa və bu baxımdan ona hamiləliyin yol verilməməsi hallarında qadının bilavasitə ana bətnində uşağı daşıması qeyri-mümkün olduqda onun valideyn olmaq hüquqları məhdudlaşdırıla bilməz. Müasir dövrdə reproduktiv texnologiyaların mövcudluğu, süni mayalanma və ya embrionun implantasiyasının tətbiqi metodları ilə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 46.5-ci maddəsinə görə ana olmaq arzulayan qadının hüquqları nəzərə alınmışdır.

Lakin digər tərəfdən, “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.2-ci maddəsində insanların istismarı - məcburi əmək (xidmət), cinsi istismar, ...qadının surroqat ana kimi istifadə edilməsini.... insan alverinin qurbanı kimi göstərilir. Qanunun həmin maddəsinə münasibətdə isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1-ci maddəsində insan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi cinayət hesab edilərək bu maddədə "insanın istismarı" dedikdə məcburi əmək (xidmət), cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz çıxarılması, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması ilə yanaşı qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə başa düşülür.

Təbii ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 46.5-ci maddəsinə görə embrionun implantasiyasının tətbiqi metodları ilə ana olmaq arzulayan qadın istəyini həyata keçirmək üçün başqa qadının ana bətnini mühit kimi istifadə etməyə məcburdur. Bu zaman həmin şəxslər arasında (hətta yaxın qohum, o cümlədən bacı olsalar belə) uşağın və daşıyıcı ananın sağlamlığının təqib edilməsi, zəruri qulluğun göstərilməsi, həmçinin daşıyıcı ananın sosial qayğılarının, habelə müvafiq qaydada uçota alınması kimi bir sıra öhdəliklərdən ibarət mülki hüquq münasibətləri formalaşır. Bu hal isə “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.2-ci maddəsinə görə insanların istismarı kimi qiymətləndirilir.

Əslində qanunun bu müddəasında “zəiflik vəziyyətindən sui-istifadə etmə” dedikdə insan alveri qurbanının maddi məzmunlu ehtiyacından, ağıl və ya iradə zəifliyindən, psixi sağlamlığının dayanıqsız olmasından istifadə olunması başa düşülür. Həmçinin, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla üsulu ilə onu nəzərdə tutur ki, kiminsə nəzarəti altında olan insan alveri qurbanı nəzarət edən şəxsə maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla istismar məqsədi ilə cəlb edilməsi başa düşülür. Yəni bir sözlə istismar edilən şəxsin əvvəl insan alverinin qurbanı olması və yalnız bu hal baş verdikdən sonra onu öz nəzarəti altında saxlayan şəxsə maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla istismar məqsədi ilə cəlb edilməsi baş verməlidir.

Bu baxımdan daşıyıcı anaya (surroqat ana) münasibətdə təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla ifadəsinin Qanunda nəzərdə tutulduğu kimi başadüşülən olması üçün “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.2-ci maddəsində insanların istismarı - məcburi əmək (xidmət), cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz çıxarılması, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə, habelə insanların digər formada istismar edilməsi (insan alveri 1.0.1-ci maddədə göstərilən üsullarla törədildikdə insan alveri qurbanının istismar olunmasına dair razılığı nəzərə alınmır); maddəsində “kommersiya məqsədləri ilə mütəmadi daşıyıcı analıq fəaliyyətilə məşğul olan qadına münasibətdə” nəzərə alınmaqla “qadının surroqat ana kimi istifadə edilməsi” ifadəsinin “qadının iradəsinə zidd olaraq kommersiya məqsədləri üçün daşıyıcı (surroqat) ana kimi istifadə edilməsi” sözləri ilə dəyişdirilməsi məqsədəmüvafiq hesab edilir. Digər sözlə, daşıyıcı anadan, yəni onun mühitindən (ana bətnindən) yalnız Azərbaycan Respublikasının müvafiq qanunvriciliyi ilə nəzərdə tutulmuş qaydada nikaha daxil olan və embrionun implantasiyası yolu ilə övladın dünyaya gətirilməsi məqsədləri üçün başqa qadına embrionun implantasiyasına öz aralarında yazılı şəkildə razılıq verən şəxslərə bu üsuldan istifadə etmələri, eləcə də onun bətnindən uşağın dünyaya gətirilməsi üçün istifadə olunmasına kommersiya məqsədləri olmadan həmin qadının könüllü razılığı olduğu halda embrionun implantasiyasına yol verilməsi mümkün hesab edilə bilər.

Ümumiyyətlə, daşıyıcı ana (surroqat ana) terminin aydınlaşdırılması və onun məqsəd və xarakterinin qəti müəyyənləşdirilməsi üçün “Reproduktiv texnologiyalar” haqqında Azərbaycan Respublikasının Qanunun qəbul edilməsi və həmin müddəanın orada aşağıdakı formada yer alması zəruridir:

“Azərbaycan Respublikasının müvafiq qanunvreiciliyi ilə nəzərdə tutulmuş qaydada nikaha daxil olan və öz aralarında başqa qadına embrionun implantasiyasına yazılı şəkildə razılıq verən şəxslərin istəyi ilə, hər hansı qanunsuz, istismar halları olmadan və kommersiya məqsədləri üçün istifadə edilmədən, yalnız uşağı doğan qadının özünün könüllü razılığı ilə onun bətnində mühit kimi embrionun implantasiyasına razılıq verən ana daşıyıcı ana “suroqat ana” ola bilər.

Siz qanunvericilikdə yaranmış ziddiyyətlərin, eləcə də söhbət etdiyimiz konkret sahənin təkmilləşdirilməsinin həlli yollarını necə görürsünüz?

- Qeyd edilməsi zəruridir ki, Bakı Dövlət Universitetinin və Hüquq fakultəsinin rəhbərliyinin, xüsusilə də hörmətli professor Əmir Əliyevin səyləri nəticəsində onun bilavasitə rəhbərlik etdiyi fakültənin ən böyük kafedralarından biri olan “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasında 2017-ci ildən bəri ondan artıq ixtisasın, o cümlədən informasiya hüququ, idman hüququ, turizm hüququ, tibb hüququ və s. bir sıra zəruri hüquq sahələrinin tədrisi yüksək keyfiyyətli peşəkar mütəxəssislərin yetişdirilməsinə təkan verib. Artıq tibb hüququ sahəsində yetişdirdiyimiz mütəxəssis hüquqşünaslar həm Səhiyyə Nazirliyinin, həm İcbari Tibbi Sığorta Dövlət Agentliyinin və onların tabeli qurumlarında fəaliyyət göstərməyə başlayıblar. Hesab edirəm ki, qanun layihələri hazırlanarkən müstəqil mütəxəssislərin belə işçi qruplara cəlb olunması həm cəmiyyətimiz, həm də qanunlarımız üçün çox faydalı olar.

Oxşar xəbərlər