- 5 May 14:40
Əmlakın əvəzsiz əldə edilməsinin bir növü də bağışlamadır. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir.
Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır.
Bağışlama müqaviləsində iki tərəf iştirak edir:
Qeyd edək ki, fəaliyyət qabiliyyəti olan şəxslər sərbəst şəkildə öz əmlaklarını və ya əmlak hüquqlarını başqa şəxsə bağışlaya bilər. Bu zaman bağışlanan əmlakın ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmaması əsas şərtlərdən biridir.
Fəaliyyət qabiliyyəti olmayan şəxslər özlərinin qanuni nümayəndələri vasitəsilə əmlaklarını bağışlaya bilərlər. Bu halda qanuni nümayəndələr müvafiq məsuliyyət daşıyırlar.
Fəaliyyət qabiliyyəti olmayan hədiyyə alan şəxs qanuni nümayəndənin iradəsindən asılı olaraq hədiyyəni qəbul edə bilər. Yəni qanuni nümayəndə hədiyyənin qəbul edilməsini qadağan etmişsə hədiyyə əldə edilmir.
Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.
Daşınar əşyalar hədiyyə verən tərəfindən hədiyyə alana verildikdə bağışlama etibarlı sayılır.
Daşınmaz əşyalar və ya həmin əşyalara hüquqlar, həmçinin rəsmi reyestrdə qeydə alınması tələb edilən daşınar əşyalar bağışlandığı hallarda, müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin müqavilə müvafiq rəsmi reyestrdə qeydə alındıqdan sonra hüquqi qüvvəyə malik olur.
Daşınmaz əmlakın bağışlanması zamanı zəruri olan sənədlər aşağıdakılardır.
1. Əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd
2. Əmlak üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Хidmətinin vеrdiyi arayış
3. Mülkiyyətçi nikahdadırsa, onun nikah haqqında şəhadətnaməsi
4. Daşınmaz əmlakın bağışlanmasına ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı
5. Müvafiq mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması barədə qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin notariat qaydasında təsdiq edilmiş razılığı
6. Tərəflər arasında qohumluq münasibətlərini təsdiq edən sənədlər (vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının vеrdiyi sənədlər) və ya qohumluq münasibətlərinin müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi.
Tələblərin və digər hüquqların bağışlanması zamanı onlar qanunvericiliyin tələblərinə uyğun yazılı surətdə keçirildikdə bağışlama həyata keçirilmiş olur.
Gələcəkdə bağışlama vəd edildikdə isə bu vəd notariat qaydasında təsdiqlənməlidir.
Biz yuxarıda qeyd etdik ki, bağışlama müqaviləsi əvəzsiz müqavilədir. Lakin bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır.
Hədiyyə alan öhdəliklə şərtləndirilən bağışlama müqaviləsini bağlamışsa və sonradan onun icrasından imtina etməmişsə, müqavilənin tam və lazımınca icrasına görə məsuliyyət daşıyır. Belə öhdəliyin icra edilməməsi və lazımınca icra edilməməsi hədiyyə verənə, onun vərəsələrinə, eləcə də müvafiq icra hakimiyyəti orqanına (ictimai mənafe tələb etdikdə) iddia qaldırmaqla pozulmuş hüquqlarının bərpa edilməsini tələb etmək hüququ verir.
Hədiyyə verən hədiyyə alana hədiyyə ilə əlaqədar dəyən zərər üçün məsuliyyət daşıyır. Belə ki, əgər zərərin hədiyyə verənin qəsdi və ya kobud ehtiyatsızlığı nəticəsində vurulması müəyyən edilsə, o, hədiyyə ilə əlaqədar dəyən zərərin əvəzini ödəyir.
Bağışlama müqaviləsi bağlanarkən hədiyyə verən hədiyyə alanın ondan əvvəl ölməsi halında bağışlanmış əşyanın geri qaytarılması, ilkin vəziyyətin bərpa edilməsi (restitusiya) hüququnu özündə saxlaya bilər. Torpaq sahələri və ya onlara əşya hüquqları bağışlanarkən bu cür restitusiya hüququ daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydə alına bilər.
Qeyd edək ki, hədiyyə alan hədiyyəni qəbul edənədək hədiyyə verən istədiyi vaxt onu geri götürə bilər.
Bununla yanaşı, hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda və bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər.
Yuxarıda qeyd edilən səbəblərdən əlavə, vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə və ya vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi ləğv edə və onun icrasından imtina edə bilər.
İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.
Əgər əşya hər hansı bir şəxsə özgəninkiləşdirilərsə, hədiyyənin geri qaytarılması mümkün olmayacaqdır. Belə olan halda, ziyan vurmaq nəticəsində öhdəliklərə görə iddia (delikt iddiası) verilə bilər. Bu zaman hədiyyə alanın əşyanı qaytarmamaq üçün onun qəsdən üçüncü şəxslərə özgəninkiləşdirilməsində və ya məhv edilməsində təqsiri sübut olunmalıdır.
Nuranə Carçalova
“Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili