"Bu gün mediasiya institutunun imkanlarından istifadə edən çoxsaylı vəkillər var" - Paşa Səfərov


  • 3 Noyabr 2022 10:38

“Təbii ki, bu gün mediasiya institutu inkişaf istiqamətini seçib, inkişaf edir və buna məcburdur, çünki mövcud zamanda yeni bir institutun nəinki, öz mövcudluğunu qoruması, hətta uğur qazanması üçün inkişaf istiqamətini seçməsi zəruridir. Lakin yaranışından və fəaliyyətindən ötən 1 illik müddət ərzində mediasiya institutundan xüsusi və böyük inkişaf gözləmək zaman və təcrübə baxımından mümkünsüzdür. Çünki müasir cəmiyyətin inkişafında insanların həyatına və şüuruna elektron dünyanın geniş təsiri prizmasından baxsaq mediasiyanın insanların şüuruna öncə təsiri, daha sonra seçim yaratma imkanı aşılaması bir qədər çətindir. Bu çətinliyin aşılması isə ilk öncə mediasiya institunun inkişafına inamın mövcudluğudur ki, bu inam davamlı zəhmət və düzgün seçilmiş qərarlar əsasında formalaşır. Nəticədə biz növbəti illərdə öz yerini göstərə və öz sözünü deyə biləcək mediasiya institutunun mövcudluğunun şahidi olacağıq".

Bunu e-huquq.az-a açıqlamasında Bakı 26 saylı Vəkil Bürosunun müdiri və Bakı 3 saylı Mediasiya Təşkilatının direktoru Paşa Səfərov deyib.

O, mediasiya institutunun cəmiyyətdə ancaq “məhkəmədə iş yükünün azaldılmasına yardımçı olan qurum” kimi aşılanmasını düzgün mövqe hesab etmədiyini deyib.

"Əgər biz “Mediasiya haqqında” Qanunun prembulasına nəzər yetirsək bu institutun belə bir öhdəliyinin olmamasının şahidi olarıq. Odur ki, mediasiya institutu müstəqil və özünəməxsus sahələri olan bir institutdur ki, onun başlıca fəaliyyət istiqaməti mübahisələrin alternativ həlli üsuludur. Bu üsulun müəyyən edilməsi və həyata keçirilməsi isə Qanunla müəyyənləşir. Daha bu, instituta “yardımçı” funksiyasını yerinə yetirən bir qurum kimi baxmaq qanunla nəzərdə tutulmayan bir fikirdir", - deyə vəkil-mediator bildirib.

P.Səfərovun sözlərinə görə, mediasiya institutunun inkişafı nəinki vəkillik institutunun inkişafından, hətta hər bir vəkilin özünü inkişafından keçir: "Bu səbəbdən şüuruna güvənən və peşəsinə layiqincə yanaşan vəkil anlayır ki, əslində mediasiya institutu müəyyən mənada ona peşəsini həyata keçirməkdə bir yardımçı vasitədir. Bu yardımdan istifadə etmək üçün vəkil, başlıca olaraq peşəsini və qanunla ona həvalə edilmiş vəzifələri düşünməlidir. Əgər vəkil öz zəhmətini peşəsindən öncə maddi gəlirlə pərdələyirsə, o zaman mediasiya institutunun yaratdığı imkanlardan vəkilin yararlanması inandırıcı deyil. Bu isə öz növbəsində mediasiya institutunun inkişafına təsirsiz ötüşməyəcək. Lakin vəkil öz zəhmətini peşəsinin müəyyən etdiyi qaydalarla, o cümlədən mənəvi dəyərlərlə qoruyursa, o zaman mediasiya institutu onun üçün bir yardımçı vasitəyə çeviriləcək. Təcrübəyə nəzər yetirsək, bu gün mediasiya institutunun imkanlarından istifadə edən çoxsaylı vəkilləri görə bilərik. Demək ki, onlar yanılmayıblar!”.

Oxşar xəbərlər