"Mediasiya tərəflərə mübahisələri daha qısa müddətdə həll etməyə imkan yaradır"


  • 6 Dekabr 2022 20:20

Bakı 2 saylı Mediasiya Təşkilatının mediatoru Türkər Əliyevanın e-huquq.az-a müsahibəsi:

- Türkər xanım, ailə mübahisələrinin həllində mediasiyanın əhəmiyyəti nədən ibarətdir?

- Bildiyiniz kimi, övladı olan ailələr nikahın pozulması üçün mediasiyaya müraciət edirlər. Əgər barışıq əldə edilərsə, bu ailənin psixoloji və maddi vəziyyətinə müsbət təsir edir, vaxta qənaət olunur. Məhkəməyə müraciət etməli olduqda ən çox uşaqlar əziyyət çəkir. Valideynlərinin mübahisə etdiyini görən uşaq gələcəkdə psixoloji problemlərlə qarşılaşa bilir təəssüf ki. Mediasiyada isə biz mediatorlar çalışırıq ki, mübahisəni elə həll edək ki, hər iki tərəfə və uşaqlara uyğun olsun. Tərəflər bizə güvənsin. Səmimi şəkildə problemi danışıb razılaşsınlar.

- Ailə mübahisələri ilə bağlı mediasiya proseslərində hansı problemlərlə qarşılaşırsınız?

- Şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, ailə mübahisələrində ən çox alimentin ödənilməməsi problemi ilə qarşılaşıram. Bəzən alimenti ödəməli olan tərəf bu ödənişin təyinatını başa düşmək istəmir və qarşı tərəfə olan neqativ münasibəti səbənindən israrla ödənişi etməkdən imtina edir. Həmin tərəflə söhbət edib anlatmağa çalışıram ki, sən bu ödənişi keçmiş həyat yoldaşın üçün yox, öz övladın üçün edirsən və sən bunu etməklə intiqam almış olmursan, yalnız övladına zərər verirsən. Nəticədə bəziləri anlayıb əlavə problem yaratmırlar.

- Bəs, əgər yenə də ödəməkdən imtina etsə, necə?

- Biz hər şeydən öncə uşağın rifahını düşünməliyik. Uşağa zərər verəcək qərarlar ala bilmərik. Bütün hallarda mediasiya ilk növbədə uşağın maraqlarına cavab verməli, uşaqların ailə tərbiyəsinin üstünlüyü onların rifahına və inkişafına qayğı hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilməlidir. Əgər alimentin ödənişindən imtina olunarsa və ya uşağın valideynlərdən birinin yanında qalması zamanı digər tərəf problem yaradarsa, bu zaman zəruri tədbirlər həyata keçirilir, artıq məhkəməyə müraciət olunur. Ailə mübahisələri zamanı uşaqların cəmiyyətdə normal inkişafını təmin etmək məqsədi ilə onların yaşayışı, tərbiyəsi, psixoloji durumu ön planda olmalıdır. Çünki uşaqlar bizim gələcəyimizdir. Onların sağlam böyüməsini təmin etsək, sağlam gələcək yaratmış olarıq.

- Türkər xanım, bəzi vətəndaşlar mediasiyanın əhəmiyyəti barədə o qədər də məlumatlı deyillər, onlara bu barədə nə deyə bilərsiniz?

- İlk növbədə onu qeyd edim ki , mediasiya məhkəmə prosesi kimi rəsmi şəkildə keçirilmir. Biz üçüncü tərəf kimi onları dinləyir, problemə onların gözü ilə baxmağa çalışırıq. Gəlin düşünək: insanlar rəsmi bir prosesdə nə qədər rahat ola bilər ki? Belə olduqda problemin həlli də get-gedə uzanır. Tərəflər həm maddi, həm psixoloji zərər çəkirlər. Lakin mediator onlardan biridir, onların problemlərini dinləməyə və həll yolu göstərməyə hər zaman hazırdır. Mediator eyni zamanda konfidensiallığı da qoruyur. Belə olduqda mübahisə bir neçə günə hər iki tərəfə də uyğun şəkildə həll olmuş olur.

- Maraqlıdır, üzvü olduğunuz Bakı 2 saylı Mediasiya Təşkilatında mediaisya proseslərinin keçirilməsi üçün yaradılan şərait bir mediator olaraq sizi qane edirmi?

- Mənim üçün bu təşkilat və üzvləri çox doğmadır. Gəldiyim ilk gündən gülərüzlə bərabər çalışırıq. Mediatorlarımızın hamısı işini sevərək həyata keçirir. Çalışırıq hər bir işimizdə tərəfləri məmnun edəcək barışıqlar əldə edək. Bizim işimiz elə bir işdir ki, insanlarlarla ünsiyyət qurmağı sevməsən, uğur əldə edə bilməzsən. Mən mediator kimi, xüsusən də məhz Bakı 2 saylı Mediasiya Təşkilatında çalışdığım üçün çox şanslıyam, burda hər kəs öz işinin məsuliyyətini bilir və yalnız insanların rifahı üçün çalışır.

Oxşar xəbərlər