"Eurolux" şirkətinin rəhbərini öldürməyə cəhddə təqsirləndirilən şəxsə 12 il cəza verildi


  • 23 May 17:13

"Eurolux" şirkətinin rəhbərini öldürməyə cəhddə təqsirləndirilən Taryel Vəliyevə hökm oxunub.

E-huquq.az-ın məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxs 12 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror Cövdət Mehrəliyev məhkəmədən təqsirləndirilən şəxsin 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə aprelin 18-də saat 17 radələrində Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini Ə.Kərimova və qardaşı oğlu O.Kərimova münaqişə zəminində çoxsaylı bıçaqla xəsarətləri yetirilməsi barədə məlumat daxil olub.

Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Füzuli rayon sakini Tariyel Vəliyev müəyyən edilərək saxlanılıb.

İttihamda qeyd edilir ki, təqsirləndirilən şəxs Taryel Vəliyev Bakıda "Eurolux"şirkətinin anbarları vəzifəsində çalışdığı müddətdə həmin anbardan külli miqdarda oğurluq edilib. İş üzrə cinayət işi başlanıb və T. Vəliyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilsə də barəsində həbs qəti imkan tədbiri seçilməyib. Məhkəmə istintaqı dövründə T. Vəliyev barışıq üçün "Eurolux" şirkətinin rəhbəri Əmrah Kərimovla danışığına gedib. Danışıq zamanı tərəflər arasında mübahisə yaranıb. Nəticədə T. Vəliyev şirkət rəhbəri Əmrah Kərimov və onun qardaşı oğlu Orxan Kərimovun bıçaqlayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.2-ci(xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb, T. Vəliyev tutularaq istintaqa təhvil verilib.

Orxan Rasifoğlu

Oxşar xəbərlər