"Neqativ halların ümumiləşdirilərək bütün müəllimlərə şamil edilməsi bu müqəddəs peşəni nüfuzdan salır"


  • 14 Yanvar 2022 16:36

“Təhsil müəssisələrində təhsil alanlara qarşı şiddət göstərilməsi, zorakılıq halları yolverilməzdir. Belə hallar baş verdikdə hüquq-mühafizə orqanlarına, Təhsil Nazirliyinə müraciət edilməli və tədbir görülməlidir. Hüquq pozuntusuna yol verən şəxs cəzalandırılmalıdır. Lakin biz bu kimi məsələlərdə diqqətli olmalıyıq, neqativ halları ümumiləşdirərək bütün təhsil müəssisələrinə və müəllimlərə şamil etməməliyik. Çünki bu çox acı nəticələrə gətirib çıxara bilər”.

Bunu e-huquq.az-a açıqlamasında millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, son zamanlar şagirdlərə qarşı baş verən zorakılıq halları və cəmiyyətin bu mövzuda ümumiləşdirmə aparması təhsil ocaqlarının və müəllimlərin nüfuzuna xələl gətirir: “Birmənalı olaraq şiddətin, zorakılığın tətbiqi yolverilməzdir. Amma bu problemin müzakirəsi və həlli elə olmalıdır ki, ümumilikdə müəllim-şagird münasibətlərinə, müəllimlərin və məktəblərin nüfuzuna xələl gəlməsin. Məktəb müqəddəs yerdir, oradakı münasibətlər də müqəddəsdir. Bəzən valideynlər də tədris prosesinə həddindən artıq müdaxilə edir, bu prosesləri birbaşa özləri tənzimləməyə çalışırlar. Müəllim şagirdə hər hansısa bir irad bildirir, səhəri gün valideyn buna görə gəlib müəllimlə dalaşır, onu hədələyir, təhdid edir. Bu, müəllimə, məktəbə olan münasibətə ciddi təsir göstərir. Ona görə də biz elə bir yol tutmalıyıq ki, müəllimin nüfuzuna zərbə vurulmasın. Çünki müəllim nüfuzdan düşsə, bunun nəticələri daha ağır olacaq”.

C.Məmmədov bildirib ki, Təhsil Nazirliyi nəzarəti gücləndirməlidir: “Təhsil müəssisələrinin rəhbərlərinə, məktəb direktorlarına, bağça müdirlərinə ciddi tapşırıqlar verilməlidir. Hesab edirəm ki, burada müəllimlərin də üzərinə böyük məsuliyyət düşür. Onlar bilməlidirlər ki, valideyn öz uşağını gətirib onlara əmanət edir və tam arxayın olmaq istəyir. İstər məktəb direktoru, istərsə də müəllimlər uşaqlara öz övladları kimi baxmağı bacarmalı, hər birinə sevgi və diqqətlə yanaşmalıdırlar. Münasibətlər bu formada qorunmalıdır ki, gələcəkdə belə xoşagəlməz hallar yaşanmasın”.

Xəyalə Bünyatova

Oxşar xəbərlər

  • 23 Aprel 13:04
Sabahın hava proqnozu