Süni intellektdən elektron notariata: preventiv hüququn praktik modeli və notariat brokeri - MÜSAHİBƏ


  • 14:45

Vəkil Xəqani İmanov bir müddət öncə müsahibəsində notariat institutunun yalnız formal təsdiq funksiyası ilə kifayətlənməməli olduğunu, mübahisələrin məhkəməyə çatmamış qarşısını alan preventiv hüquq mexanizminə çevrilməsinin zəruriliyini vurğulamışdı. O, həmin müsahibədə süni intellektin risklərin əvvəlcədən müəyyən edilməsində, notariusun rolunun gücləndirilməsində və hüquqi dövriyyənin sabitləşdirilməsində əhəmiyyətindən danışmışdı.

E-huquq.az xəbər verir ki, vəkil budəfəki müsahibəsində həmin yanaşmanın praktik müstəvidə necə işləyə biləcəyini - elektron notariatın xidmətlərinin zənginləşdirilməsi, məsafəsiz alqı-satqı, ipoteka və girov münasibətləri üzrə yeni model kontekstində izah edir.

- Xəqani müəllim, əvvəlki müsahibədə notariatın “preventiv hüquq” mexanizminə çevrilməsindən danışırdınız. İndiki yanaşma bu fikrin davamı kimi başa düşülə bilərmi?

- Tam şəkildə. Əgər əvvəl mən notariatın hansı istiqamətdə dəyişməli olduğunu izah edirdimsə, bu dəfə həmin dəyişikliyin necə baş verə biləcəyini göstərməyə çalışıram. Preventiv hüquq abstrakt anlayış deyil. Onun real mexanizmləri olmalıdır. Elektron notariat, depozit mexanizmi, video qeyd vasitəsilə iradənin təsdiqi və məsafəsiz əməliyyat imkanları məhz bu mexanizmlərdir. Yəni söhbət ideyadan yox, ideyanın işlək modelə çevrilməsindən gedir. Ən aydın və hamı üçün başadüşülən nümunə daşınmaz əmlakın alqı-satqısıdır. Mövcud praktikada tez-tez rast gəlinir ki, alıcı Bakı şəhərində, satıcı isə Gəncə şəhərində olur. Hüquqi baxımdan heç bir problem yoxdur, amma tərəflərdən biri mütləq digərinin olduğu şəhərə getməli olur. Bu isə vaxt itkisi, işdən ayrılma, əlavə xərclər və bəzən prosesin ümumiyyətlə baş tutmaması ilə nəticələnir. Halbuki bu çətinliklərin heç biri hüquqi xarakter daşımır. Bunlar sırf təşkilati maneələrdir və hüquq həmin maneələri aradan qaldırmalıdır.

- Təklif etdiyiniz elektron notariat modeli bu problemi necə həll edir?

- Bu modeldə tərəflər olduqları yerdən kənara çıxmadan prosesə qoşulurlar. Alıcı Bakıdan, satıcı Gəncədən elektron notariat sistemində öz şəxsi kabinetlərinə daxil olur, məlumatlarını və sənədləri təqdim edir. Notarius bu məlumatları yoxlayır, tərəflərin iradə ifadələrinin sərbəst və təzyiqsiz formalaşdığına əmin olur və bundan sonra alqı-satqı müqaviləsinin layihə – demo versiyasını hazırlayıb tərəflərin elektron kabinetinə göndərir. Burada çox mühüm bir dəyişiklik baş verir: tərəflər müqaviləni notariat ofisində tələsik oxumurlar. Onlar öz mühitlərində, vaxt təzyiqi olmadan şərtlərlə tanış olurlar. Bu, hüquqi şüurun formalaşması baxımından ciddi üstünlükdür.

- Tərəflərin hüquq və vəzifələrinin başa düşülməsi necə təmin olunur?

- Bu mərhələdə mövcud elektron etibarnamə təcrübəsindən istifadə etmək tam məntiqlidir. Hazırda etibarnamələrin elektron qaydada verilməsi zamanı etibarnaməni verən şəxs mətni video qeyd vasitəsilə oxuyur və bu video notariusa təqdim olunur. Eyni mexanizmi alqı-satqı, ipoteka və girov müqavilələrinə də tətbiq etmək olar. Təklif etdiyim modeldə tərəflər müqavilənin əsas şərtlərini, habelə öz hüquq və vəzifələrini elektron kabinetdə yaradılan video qeyd vasitəsilə oxuyur və qəbul etdiklərini bəyan edirlər. Bu video qeyd notariat işinin ayrılmaz hissəsinə çevrilir və sonradan “mən bilmirdim”, “mənə izah edilməmişdi” kimi iddiaların hüquqi əsasını ciddi şəkildə zəiflədir.

- Ödəniş və yekun təsdiq mərhələsi necə qurulur?

- Alıcı müqavilə şərtləri və hüquq–vəzifələri ilə tanış olduqdan sonra daşınmaz əmlakın alqı qiymətini birbaşa satıcıya deyil, notariusun depozit hesabına köçürür və SİMA və ya ASAN İmza vasitəsilə müqaviləni təsdiqləyir. Satıcı da öz növbəsində elektron kabinetindən məlumatların doğruluğunu və müqavilə şərtlərini təsdiq edir. Notarius isə yalnız tərəflərin elektron imzaları mövcud olduqda və satış qiyməti məbləğində vəsaitin depozit hesabına tam daxil olduğuna əmin olduqdan sonra müqaviləni yekun təsdiq edir. Bu mexanizm alqı-satqı münasibətlərində ən çox mübahisə yaradan iki məsələni – ödənişin taleyini və iradənin sübutunu – hüquqi baxımdan bağlayır.

- Bu yanaşma yalnız alqı-satqı ilə məhdudlaşırmı?

- Xeyr. Bu model notariat hərəkətinin mahiyyətinə əsaslandığı üçün ipoteka, girov və digər təminat müqavilələrinə də eyni məntiqlə tətbiq edilə bilər. Xüsusilə ipoteka və girov münasibətlərində tərəflərin hüquqi nəticələri tam dərk etməsi çox vacibdir. Video qeyd, elektron imza və notariusun nəzarəti bu sahədə də preventiv hüququn real mexanizminə çevrilir.

- Elektron sistemdən istifadə edə bilməyən şəxslər bu prosesdən kənarda qalırmı?

- Xeyr. Bu halda notariat brokeri mexanizmi işə düşür. Vətəndaşın yaxını, hüquqi şəxsin işçisi və ya vəkil sənədləri toplayaraq notariusa fiziki daşıyıcıda təqdim edir. Notarius sənədləri elektron sistemə yükləyir və proses eyni ardıcıllıqla davam edir. Broker burada yalnız hazırlıq və koordinasiya rolunu oynayır, hüquqi qiymətləndirmə və yekun təsdiq isə dəyişməz olaraq notariusa məxsus qalır. Elektron notariat hüquqi prosesin texniki tərəfini xeyli yüngülləşdirir, amma praktik reallıqda bütün vətəndaşların və hüquqi şəxslərin bu sistemdən eyni rahatlıqla istifadə etdiyini demək mümkün deyil. Bir tərəfdən yaşlı şəxslər, digər tərəfdən böyük hüquqi şəxslər, banklar, sahibkarlar var ki, ya vaxt baxımından, ya da prosesin mürəkkəbliyi səbəbindən notariatla birbaşa məşğul ola bilmirlər. Notariat brokeri məhz bu boşluğu doldurur. O, elektron sistemlə insan arasında körpü rolunu oynayır. Bu baxımdan broker elektron notariata alternativ deyil, onun funksional tamamlayıcısıdır.

- Bu modelin məhkəmə sisteminə təsiri necə olacaq?

- Əvvəlki müsahibədə də vurğuladığım kimi, notariat nə qədər güclü olarsa, məhkəmənin yükü bir o qədər azalır. Alqı-satqı, ipoteka və girov mübahisələrinin böyük hissəsi iradənin düzgün ifadə olunmaması, şərtlərin başa düşülməməsi və ödənişlə bağlı qeyri-müəyyənliklərdən yaranır. Elektron imza, depozit mexanizmi və video qeydlə təsdiqlənmiş iradə bu mübahisələrin hüquqi əsasını notariat mərhələsində aradan qaldırır.

Oxşar xəbərlər