İşçinin üzrlü səbəbdən işdə olmaması zamanı əvəzetmə necə həyata keçirilməlidir?


  • 12 Mart 2021 20:46

Təcrübədə rast gəlinən hallardan biri də, işçinin hər hansı üzrlü səbəbdən işdə olmaması zamanı onun yerinə müvvəqqəti olaraq yeni işçinin işə qəbuludur. Əmək Məcəlləsinin 47-ci maddəsinin “a” bəndinə əsasən, işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasına zərurət yarandıqda müddətli əmək müqaviləsi imzalana bilər.

Bu məsələ ilə bağlı kargüzarlığın aparılmasında ciddi çətinlik olmasa da, bir vaxtlar elektron informasiya sistemində prosesin icrası kargüzarlığın tələblərinə uyğun gəlmirdi. Çünki elektron informasiya sistemi işəgötürəni məcbur edirdi ki, yeni ştat vahidi yaratsın. Amma ştat cədvəlində yeni işçi üçün ştat vahidi yaradılmasına ehtiyac yox idi, çünki işçi vəzifəsindən müvəqqəti olaraq ayrılırdı.

Bu problemin aradan qaldırılması üçün elektron informasiya sisteminə müvafiq düzəlişlər həyata keçirilib. Prosesin elektron sistemdə necə həyata keçirilməsinin izahından öncə daxili kadr kargüzarlığının aparılmasına baxaq.

Bir məsələni qeyd edək ki, əmək qanunvericiliyində işçinin hansı müddətdə üzrlü səbəbdən işdə olmadığı hallarda əvəz edilməsi ilə bağlı konkret tələb nəzərdə tutulmayıb. Mümkündür ki, işçi 1 ay və ya 1 il müddətinə hər hansı üzrlü səbəbdən işdə olmadığı halda onun vəzifəsinin yerinə yetirmək üçün yeni işçi cəlb olunsun. Həmçinin məzuniyyətdə olan işçi siyahı üzrə işçi sayına aid edilməlidir, sadəcə işəgötürən tərəfindən təqdim edilən vahid bəyannamədə işləmədiyi günlərin sayı və səbəbi qeyd edilir.

“A-dan Z-yə: Kargüzarlıq” (III nəşr) kitabından seçmə

Oxşar xəbərlər