Borclu şəxs dünyasını dəyişərsə borcun aqibəti necə olur?


  • 11 Oktyabr 2021 16:03

Bəzi hallarda borclu borcunu ödəmədən dünyadan köçür. Bəs belə olduğu təqdirdə borcun aqibəti necə olur? Əgər borclanan vəfat edərsə, onun kreditini kim ödəməlidir?

E-huquq.az-ın xəbərinə görə, Mülki Məcəllənin müvafiq maddəsində qeyd olunub ki, əgər ölən şəxsin kreditorlar qarşısında borc öhdəliyi varsa, bu öhdəlik vərəsələrinə keçir.

Borclu şəxs ölərsə, onun vərəsələri bu barədə kreditorlara məlumat verməyə borcludur. Əks halda vəfat edənin əmlakına görə notariat kontorunda vərəsəlik açılarsa və bu barədə kreditor məlumat alarsa, o dərhal həmin vərəsələrə qarşı məhkəmədə iddia qaldırıb həmin borcu tələb edə bilər. Vərəsələrin arasında borcun ödənilməsi isə onların arasında bölünən əmlakın qiyməti ilə ölçülür. Hər hansı bir varisdən onun payına düşən vərəsə qiymətindən artıq borc tələb oluna bilməz.

Bəzi hallarda isə vəfat edənin haqqında cinayət təqibi olur. Bəs həmin şəxsin borclarını kim ödəməlidir? Təqsirləndirilən şəxs vəfat etdikdə cinayət prosesini həyata keçirən orqan onun öldüyü vaxtdan 3 gün müddətində yaxın qohumlarına onun hüquqi varisi kimi istəyinin olub - olmaması barədə bildiriş göndərir.

Əgər şəxsin vəfat edən vaxta qədər hər hansı borcu varsa, onun borcu ölmüş şəxsin mirasını qəbul etmiş şəxsə keçir. Qanunla mirası qəbul etmiş şəxs həmin borcları ödəməyə borcludur. Əgər tələbkar tərəf ölərsə, onun alacağı vəsait qanunla vərəsəliyi qəbul etmiş şəxs və ya şəxslərə ödənilməlidir. Bu zaman məhkəmə vəfat edənin həyat yoldaşını və ya övladını və yaxud da yaxın qohumlarını hüquqi varis kimi tanıyıb məhkəmə prosesinə cəlb edir və onlar tələbkar qismində çıxış edirlər.

Sevgül Qasımzadə

Oxşar xəbərlər