Hansı halda iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmədən məhkəməyə müraciət edə bilər?


  • 28 Yanvar 2022 21:41

Əgər qanun mübahisə edən tərəflərə həmin mübahisəni saziş bağlamaqla həll etmək hüququ müəyyən etməyibsə, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmədən məhkəməyə müraciət edə bilər, çünki belə mübahisənin həlli müstəsna olaraq məhkəmənin səlahiyyətinə aiddir.

Məsələn, nikahın etibarsız (saxta nikah) sayılması barədə mübahisə (Ailə Məcəlləsi, maddə 25.2).

Odur ki, ailə, əmək və kommersiya mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirak tələb olunarkən, əvvəlcə konkret mübahisəni nizamalayan maddi hüquq normasına nəzər yetirilməlidir. Əgər həmin norma tərəflərin saziş bağlamaq hüququnu müəyyən etməyibsə və mübahisənin həllini müstəsna olaraq məhkəmənin səlahiyyətinə aid edibsə, deməli, mübahisə üzrə mediasiya mümkün deyil.

Bu qayda mediasiyanın anlayışından irəli gəlir. “Mediasiya haqqında” Qanunun 1.0.1-ci maddəsində qeyd olunub ki, mediasiya – mediatorun vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı prosesdir. Maddədəki “həll” ifadəsi ilə mübahisə üzrə barışıq sazişinin bağlanması nəzərdə tutulur. Barışıq sazişi - subyektiv hüququn müdafiə formalarından biridir, çünki barışıq ilə mübahisə həll edilir. “Həll” amili xüsusi vurğulanmalıdır, bəzi hallarda tərəflərin mübahisəni geri götürməsi düzgün olmayaraq barışıq kimi təqdim olunur. Mübahisə geri götürüləndə mübahisə mövcud olmur, mövcud olmayan mübahisə isə barışıqla həll edilə bilməz. Barışıq sazişi bağlanarkən mübahisə əsasən 3 vasitə ilə həll olunur: güzəşt, möhlət və novasiya. Güzəşt ilə subyektiv hüquqların həcmi və ya dairəsi azaldılır, möhlət ilə vəzifələrin icrası müddəti artırılır, novasiya ilə ilkin öhdəlik eyni şəxslər arasında digər predmet və ya icra üsulu nəzərdə tutan başqa öhdəliklə əvəz edilir.

Əgər həlli müstəsna olaraq məhkəmənin səlahiyyətinə aid olan mübahisə üzrə mediatorun vasitəçiliyi ilə barışıq sazişi bağlansa, məhkəmə isə sazişin təsdiqi barədə qətnamə qəbul etsə (MPM, maddə 355-25.3), qanunvericiliyin tələbi pozulmuş olacaq. Çünki təsdiq xüsusi icraat qaydasında həyata keçirilir, yəni məhkəmə mübahisəni həll etmir, sazişi təsdiq edir. Qanun isə belə məsələlərin məhkəmə tərəfindən həll edilməli olduğunu, yəni mübahisəni həll edən qətnamə qəbul edilməli olduğunu tələb edir.

Namiq Cəfərov

Bakı Apellyasiya Məhkəməsinin hakimi

Oxşar xəbərlər