"Yetkinlik yaşına çatmayanların cinayətlərinə görə valideynlərin də məsuliyyəti olmalıdır" - MÜSAHİBƏ


  • 4 Fevral 2022 12:14

Vəkil Nurəngiz Qarayeva yetkinlik yaşına çatmayan şəxslərin cinayət məsuliyyəti ilə bağlı e-huquq.az-ın suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

Bu gün yetkinlik yaşına çatmayan şəxslərin də müxtəlif cinayət əməlləri törətdiyini görürük. Bu şəxslərin cinayət məsuliyyəti nədir, onlara qarşı hansı cəza növləri tətbiq oluna bilər?

- Bəli, bu gün yetkinlik yaşına çatmayan şəxslər tərəfindən cinayət hadisələrinin törədilməsi halllarına təəssüf ki, tez-tez rast gəlinir. İlk növbədə yetkinlik yaşına çatmayan şəxslər dedikdə kimlər nəzərdə tutulur, buna aydınlıq gətirmək istərdim. Çünki bəzi vətəndaşlar bunu bilmədiyinə görə onlarda müəyyən suallar yaranır. Məsələn, valideynlər soruşur ki, övladım filan yaşdadır və cinayət törədib, həbs oluna bilərmi? Məsuliyyətə cəlb olunacaqmı? Nəzərinizə çatdırım ki, yetkinlik yaşına çatmayan şəxslər dedikdə 14-18 yaş arası şəxslər nəzərdə tutulur. Yəni, 14 yaşı tamam olmuş, 18 yaşı isə tamam olmamış şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Cinayət qanunvericiliyi yetkinlik yaşına çatmayanların yaş xüsusiyyətlərini nəzərə alaraq, onlara tətbiq olunan cinayət məsuliyyəti və cəzanın yüngülləşdirilməsi və məhdudlaşdırılmasının xüsusi qaydalarını müəyyən edir. Cinayət Məcəlləsinə əsasən, yetkinlik yaşına çatmayanlara cəza növü kimi cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə tətbiq oluna bilər.

Yetkinlik yaşına çatmayanların işlərinə baxılması qaydası necədir? Onlara qarşı münasibət digərlərdən nə ilə fərqlənir?

- Yetkinlik yaşına çatmayanların işinə daha peşəkar müstəntiq, daha peşəkar hakim tərəfindən baxılır. Çünki bu işlər xüsusi həssaslıq tələb edən icraatdır. Yetkinlik yaşına çatmayan şəxslərin cinayət işlərinə baxılarkən müdafiəçinin iştirakı mütləqdir. Onlara mütləq şəkildə müdafiəçi ayrılır. Hətta özü istəməsə belə. Qanunvericiliyə əsasən, şəxs müdafiəçidən imtina edə bilər. Lakin yetkinlik yaşına çatmayanların müdafiəçidən imtinası qəbul olunmur. İşə baxılarkən gedişata uyğun olaraq prosesə müəllim, psixoloq cəlb olunur. Onların icraatı xüsusi həssaslıqla aparılır. Qanuni nümayəndə kimi valideynləri iştirak edir. Valideyn yoxdursa, digər qanuni nümayəndələr. Onlar dindirmədən imtina edə bilərlər. Yetkinlik yaşına çatmayanların həbsindən, azadlıqdan məhrum olunmasından mümkün qədər qaçılır. Düzdür, qanunda onlar barədə həm həbs qətimkan tədbiri, həm azadlıqdan məhrum etmə nəzərdə tutulub. Lakin bu müstəsna hal kimi nəzərdə tutulur. Qanunvericilik onlar üçün daha yumşaq cəza tədbirlərinin görülməsini nəzərdə tutur. Təbii ki, əgər törədilən cinayət ağır və ya xüsusilə ağır cinayət deyilsə.

Yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulan cəzaların icrası mexanizmi necədir?

- Yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulan cəzaçəkmə müsəssisələrində nisbətən yumşaq rejim tətbiq olunur. Onlar burada dərslərini davam etdirirlər. Həmçinin, onların müxtəlif peşələrə yiyələnməsinə dəstək göstərilir. Onlara cinayətkar kimi yanaşılmır. Yetkinlik yaşına çatmayan şəxslər üçün nəzərdə tutulan cəzaların icrasının tətbiqi də fərqlənir. Məsələn, ictimai işlərində digər şəxslər üçün gündəlik maksimum 4 saat işlədilirsə, yetkinlik yaşına çatmayanlar üçün bu müddət 2-3 saat arasında dəyişir. Bundan başqa, hansı cinayəti törətməyindən asılı olmayaraq, yetkinlik yaşına çatmayan şəxs 10 ildən artıq müddətə azadlıqdan məhrum edilə bilməz. Bir sözlə, onlara qanunvericilik yetkinlik yaşına çatmayanlara qarşı daha humanist yanaşma nəzərdə tutur. Onlara qarşı daha çox tərbiyəvi xarakter daşıyan tədbirlərin tətbiqinə üstünlük verilir.

Yetkinlik yaşına çatmayanlarda daha çox hansı cinayət əməllərinə rast gəlinir? Sizcə, bunun səbəbləri nələrdir?

- Bu gün yetkinlik yaşına çatmayanlar arasında oğurluq, adam öldürmə, bıçaqlama, quldurluq, narkotik vasitələrin istifadəsi və satışında iştirak kimi cinayət əməlləri daha çox yayılıb. Hesab edirəm ki, bu cinayətlərin artmasında səbəb həm də valideyn nəzarətsizliyidir. Çünki 14-18 yaş arası həssas dönəmdir. Yetkinlik yaşına çatmayanlar bir çox hallarda diqqətdən kənarda qalır, başqalarının təsirinə düşərək bu əməlləri törədirlər. Bu dövrdə valideynlər övladlarına diqqət göstərməli, kifayət qədər maraqlanmalıdır. Fikrimcə, bəzi hallarda yetkinlik yaşına çatmayanların cinayət əməllərinə görə valideynlər üçün də hər hansı məsuliyyət nəzərdə tutulsa, yaxşı olar. Bu zaman onlar daha məsuliyyətli olar, bu kimi cinayətlərin də qismən də olsa, qarşısı alınar. Bundan başqa, məktəblərin də üzərinə böyük yük düşür. Düşünürəm ki, yetkinlik yaşına çatmayan şəxslər arasında maarifləndirmə işinin aparılmasına ehtiyac var. Onların əksəriyyəti öz hüquq və vəzifələrini bilmir, öz məsuliyyətlərini dərk etmirlər. Eləsi var ki, törətdiyi əməlin cinayət olduğunun belə fərqində olmur. Ya da hər hansı cinayəti törədərkən elə hesab edir ki, yaşı az olduğu üçün cinayət məsuliyyətinə cəlb olunmayacaq. Ona görə də məktəblərdə vəkillərin, hüquqşünasların, psixoloqların iştirakı ilə maarifləndirmə işləri aparılmalıdır. Onlara hüquq və vəzifələri, məsuliyyətləri izah olunmalıdır.

Xəyalə Bünyatova

Oxşar xəbərlər