Əmək Məcəlləsində qadınlara hansı güzəşt və imtiyazlar tətbiq edilir?


  • 14 Fevral 2022 15:16

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən, qadınlara əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir.

E-huquq.az-ın məlumatına görə, əmək qanunvericiliyinə əsasən, əmək müqaviləsi bağlanarkən hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara sınaq müddəti tətbiq edilmir.

Qısaldılmış iş vaxtının müddəti həftə ərzində hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır.

Gecə vaxtı görülən işlərə hamilə və üç yaşınadək uşağı olan qadınların cəlb edilməsinə yol verilmir.

Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Bu əlavə məzuniyyət hüququ müvafiq təqvim ilinin sonunadək uşaqlardan birinin 14 yaşı tamam olduğu hallarda da saxlanılır.

14 yaşınadək iki və daha çox uşağı olan və ya sağlamlıq imkanları məhdud uşağı olan qadınlara,16 yaşınadək uşaqları təkbaşına böyüdən valideyə və ya qəyyuma, hərbi qulluqçunun arvadına (ərinə) əmək məzuniyyəti onların arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər.

Həmçinin hamilə və ya 3 yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir. Təbii ki, işəgötürənin müvafiq işi olmadıqda və ya qadın əməyinin tətbiqinin qadağan olduğu sahədə işəgötürməkdən imtina edə bilər. İşəgötürən hamilə və ya 3 yaşına çatmamış uşağı olan qadınla əmək müqaviləsi bağlamaqdan imtina etdikdə qadın imtinanın səbəbi barədə işəgötürəndən yazılı cavab verilməsini tələb etmək hüququna malikdir.

Oxşar xəbərlər