Vəkil: "Qadınlar arasında hüquqi maarifləndirmə işinin aparılmasına ehtiyac var"


  • 4 Mart 2022 13:54

“Son illərdə məişət zəmnində törədilən cinayətlərin sayı heç də az olmayıb və bunların əksər hissəsində qurbanlar qadınlardır”.

E-huquq.az xəbər verir ki, bunu vəkil Könül İsgəndərli martın 3-də “Vəkillikdə qadınlar: dünən, bu gün və sabah” mövzusunda dəyirmi masada çıxış edərkən deyib.

O bildirib ki, qadınların və uşaqların məişət zəmnində törədilən cinayətlərin qurbanları olmalarının ən başlıca səbəblərindən biri öz hüquqlarını bilməmələridir: “Məişət qurbanı olan qadınların psixoloji reabilitasiyası nəzərdə tutulsa da, onlara hüquqları və atmalı olduqları addımlar haqqında tam ətraflı məlumat verilmir və bu da daha sonra eyni vəziyyətin təkrar olummasına gətirib çıxarır”.

K.İsgəndərli təklif edib ki, Vəkillər Kollegiyası və dövlət qurumlarının birgə iştirakı ilə regionlarda qadınlar arasında hüquqi maarifləndirmə tədbirləri həyata keçirilsin: “Bu gün qadınlar arasında hələ də öz hüquqları haqqında təsəvvür, hüquqi mədəniyyət formalaşmayıb. Ona görə maarifləndirməyə ehtiyac var. Bu cür layihələrə bütün yaş qruplarından olan qadınlar cəlb olunmalıdır. Bundan əlavə, məişət zəmnində cinayət törətmiş qadınların psixoloji və hüquqi reabilitasiyası məsələsinə də xüsusi diqqət ayrılmalı və belə qadınların cəmiyyətə daha sağlam və hazırlıqlı şəkildə inteqrasiyası təmin edilməlidir”.

Xəyalə Bünyatova

Oxşar xəbərlər