- 4 May 08:25
İnformasiyanın, məlumatların həyatımızda rolu böyükdür. Bu zərurətdən irəli gələrək dövlətlər qanunvericilikdə informasiya əldə etmək azadlığı təsbit etmişdir. Bu hüquq təkcə milli səviyyədə deyil, beynəlxalq səviyyədə də tanınan başlıca hüquqlarımızdandır.
Birləşmiş Millətlər Təşkilatının üzv dövlətləri tərəfindən "2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik" qəbul edilmişdir. Dayanıqlı İnkişafın Məqsədlərinin hədəflərindən davamlı inkişafa nail olmaq üçün ilkin şərt və əsas hərəkətverici amil olaraq informasiyaya çıxış hüququ tanınmışdır.
İnformasiya əldə etmək azadlığımız olmadan həyatımızı təsəvvür etmək çox çətindir. Gündəlik həyatımız üçün zəruri amil informasiyadır. Şəxsi məlumatlar, ətraf mühitdə baş verənlər, maraqlı və əhəmiyyətli olan bütün hadisə və faktlar barədə məlumatları əldə etmək hüququmuz var.
Hələ biz vəkillərin keyfiyyətli hüquqi yardım funksiyasını həyata keçirməkdə informasiyanı, məlumatı əldə etməyin rolu danılmazdır. Təsadüfi deyildir ki, hüquqların müdafiəsi məqsədilə müraciət edən şəxsi dinləyirik, problemin nədən ibarət olmasını müəyyən edirik, sənədlərlə tanış oluruq, faktlarla bağlı ilk olaraq həmin şəxsdən informasiya alırıq. Bilik və təcrübə əsasında formalaşmış hüquqi düşüncəmizə uyğun problemin həllinin perspektivini qiymətləndirib, həll yolunu müraciətçiyə bildiririk. Bundan sonra verilmiş birgə qərar əsasında qarşılıqlı hüquqi yardım haqqında müqavilə bağlayırıq. İşin məzmununa müvafiq olaraq rəsmi informasiyanı əldə etmək üçün informasiya mənbəyi olan idarə və orqana vəkil sorğusu adlanan əsaslandırılmış müraciətimizi göndəririk.
İcraatımda olan cinayət işi üzrə zərurət yarandığından mobil operatorlardan birinə müdafiəçisi olduğum şəxsin istifadəsində olan telefon nömrəsinin ona məxsusluğunu müəyyən etmək ilə bağlı sorğu ünvanlamışdım. Sorğunu verməkdə məqsəd cinayət prosesini həyata keçirən orqan müvəkkilimin telefon nömrəsinə sms bildiriş ilə çağırış barədə məlumat verildiyini əsas gətirərək prosessual məcburiyyət tədbiri tətbiq etmişdir. Halbuki, fakt ondan ibarət idi ki, şəxsin istifadəsində olan telefon nömrəsinə deyil, bir rəqəm səhvi ilə başqa şəxsin mobil telefon nömrəsinə sms-lər göndərilmişdir. Bunu sübut etmək üçün aidiyyatı mobil operatora sorğu göndərməli olmuşdum.
Sorğumu çatdıran, poçt xidməti göstərən kuryerə əlaqə nömrəsi verilmişdi ki, onlarla əlaqə saxlayım. Mən həmin telefon nömrəsi ilə əlaqə saxladıqda müvafiq işçi “biz heç bir vəkil sorğusuna cavab vermirik, yalnız cinayət prosesini həyata keçirən orqanın qərarı əsasında hansısa məlumatı verə bilərik” deyə bildirdi. Bu şifahi məlumatdan bir gün sonra yazılı olaraq fərdi məlumatların verilməsi üçün müvafiq dövlət orqanına müraciət etməli olduğum bildirilmişdir. Baxmayaraq ki, məlumatın sahibi həmin mobil operatordur, sorğu edilən məlumat isə hüquqlarını müdafiə etdiyim şəxsə məxsusdur.
Halbuki, informasiya əldə etmək azadlığı əsas azadlıqlardan olaraq Konstitusiyamızın 50-ci maddəsində qeyd edilmişdir. Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Faktiki olaraq, başqa şəxsin deyil, müvəkkilimin istifadəsində nömrənin ona məxsus olub-olmaması barədə məlumat əldə etmək istəmişdim.
Belə olduğu halda, mən informasiya əldə etmək hüququmun təmin olunmasına nəzarəti həyata keçirən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) şikayət etdikdən sonra sorğuya adekvat cavab verilmişdir. Lakin faktiki olaraq informasiya əldə etmək hüququm pozulmuş, inzibati xəta törədildiyindən qanunvericiliyə uyğun olaraq barələrində inzibati protokol tərtib edilmiş, müvafiq olaraq inzibati xəta üzrə məhkəmə məsuliyyətinə cəlb edilmişdir.
Çox təəssüf hissi ilə bildirirəm ki, fəaliyyətimizin önəmli hissəsi olan və başlıca olaraq həm vəkilin, həm də hüquqlarını müdafiə etdiyi şəxsin konstitusion məlumat azadlığı bir çox hallarda pozulur. "Vəkillər və vəkillik haqqında" qanunun 7 və 15-ci maddəsi də məhz vəkilin informasiya əldə etmək hüququnun təminini nəzərdə tutur.
Qanunvericiliyin tələblərinə əsasən məxfi, konfidenasial, başqasının şəxsi və ailə həyatına dair məlumatların verilməsi məhdudlaşdırılmışdır. İnformasiya mənbəyi olan şəxslər bu məlumatları verməməkdə və bundan əsaslndırılmış imtina etməkdə haqlıdır. Lakin mənim yuxarıda sorğu etdiyim informasiya məhz hüquqlarını müdafiə etdiyim şəxsə dair məlumat olduğundan heç bir məhdudlaşma dairəsinə aid deyildir.
Məlumat əldə etmək hüququ sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməldir. İnformasiya sahibi olan hərkəs məlumat azadlığına, informasiya əldə etmək hüququna hörmətlə yanaşmalıdır. Əks halda, hüququn müdafiəsinin təmini üçün Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinə (Ombudsmana) və ya məhkəməyə müraciət olunmalıdır.
Pərvanə Məmmədova
Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili