- 29 May 11:52
Oxucuların redaksiyamıza ən çox ünvanladığı suallar arasında şübhəli şəxs və təqsirləndirilən şəxs arasında hansı fərqin olması da var. Eyni zamanda bəzi oxucular saxlanılan şəxslə həbs edilən şəxsi fərqləndirməkdə çətinlik çəkirlər.
Məsələ ilə əlaqədar e-huquq.az-a açıqlama verən hüquqşünas Nemət Ağalarov bildirib ki, həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs məhkəmə qərarı olmadan saxlanıla bilər.
Onun sözlərinə görə, şübhəli şəxs cinayət törətməkdə şübhəli bilinib, 48 saat ərzində şübhəli şəxs qismində saxlanıla bilər: “Bundan sonra şübhəli şəxsin törətdiyi əməl sübuta yetirilirsə, ona qarşı ittiham elan edilir. Yəni, istintaq orqanı tərəfindən sübuta yetirilir ki, bu adam hansısa cinayət əməlini törədib. Bundan sonra isə adamın barəsində ya istintaq orqanın, ya da məhkəmənin qərarı ilə qətimkan tədbiri seçilir. Şəxsin törətdiyi cinayət əməlindən asılı olaraq onun barəsində həbs, ev dustaqlığı, başqa yerə getməmək haqqında iltizam tədbiri və ya polisin nəzarətinə verilmə haqqında qətimkan tədbiri seçilər bilər. Ancaq ola bilər ki, şübhələr əsassız olsun və adam 48 saat ərzində şübhəli şəxs qismində saxlandıqdan sonra sərbəst buraxılsın”.
Hüquqşünas bəzən saxlama və həbs anlayışlarının səhv salınmasına da münasibət bildirib: “Şübhəli şəxsin saxlanılması o demək deyil ki, həbs edilib və ya həbs ediləcək. Ola bilər ki, təqsirləndirilən şəxsin əməli sübuta yetirilmədiyindən azadlığa buraxılsın.Ümumiyyətlə, şəxsin barəsində hər hansı qətimkan tədbiri seçilərkən onun törətmiş olduğu əməl, şəxsiyyəti, ailə vəziyyəti, əvvəllər məhkum olub-olmaması və başqa amillər nəzərə alınır. Prosedur belədir ki, şəxs müəyyən müəddətə istintaq hərəkətlərinin üçün saxlanılır, eyni zamanda şübhə yaranır ki, şəxs saxlanılmasa, istintaq və məhkəmə orqanından qaçıb gizlənə bilər. Bu səbəbdən 48 saat ərzində müvəqqəti saxlanılır. Daha sonra törətdiyi əməl sübuta yetirilərsə, barəsində təqdimatla məhkəmədə vəsatət qaldırılır. Müstəntiq vəsatət verir ki, təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilsin. Prokuror da öz növbəsində təqdimatla məhkəməyə müraciət edir. Lakin məhkəmənin həmin təqdimatı təmin etməməsi mümkündür. Deyək ki, məhkəmə təqdimatdan imtina edir, qətimkan tədbirinin seçilməsini müstəntiqin səlahiyyətinə buraxır. Bundan sonra müstəntiq şəxs barəsində polisin nəzarətinə verilmə və ya başqa yerə getməmək haqqında iltizam tədbiri seçə bilər. Həbs və ya ev dustaqlığı isə mütləq şəkildə məhkəmə qərarı ilə olmalıdır".