Sosial medianın hüquqi tənzimlənməsi


  • 21 Noyabr 2023 13:34

Son illər cəmiyyətdə sosial medianın çəkisinin xüsusilə artması özünün pozitiv və neqativ təsirlərini gündəlik həyatımızda daha qabarıq formada göstərməsi ilə nəticələnib. Pozitiv tərəfləri əsasən insanlar arasında kommunikasiyanın genişlənməsi, insanların öz fikirlərini, düşüncələrini azad formada ifadə etməsi, şirkətlərin öz məhsul və xidmətlərini daha geniş kütləyə təqdim etməsi və digər bu kimi halları hesab etmək olar. Nə qədər ki, başqalarının hüquq və azadlıqlarına, şəxsi həyatlarına toxunmur, yəni qanunların müəyyən etdiyi çərçivədən çıxmır, bu fəaliyyətlər qəbul edilməli, dəstəklənməlidir.

Lakin təəssüf ki, sosial şəbəkələrin özü ilə gətirdiyi bir o qədər də hüquqi problemləri vardır. Sosial şəbəkələr ictimai düşüncə üzərində böyük təsirə malikdir. Daha çox izləyici kütləsi olan sosial hesablar güclü təsir imkanına malikdirlər və bəzən onlar ictimai təzyiq yaradaraq qanun və etikadan kənar, cəmiyyətin sosial kodları ilə uyuşmayan hərəkətləri önə çıxara bilirlər. Belə ki, bəzi hallarda hər hansı bir qanunsuz əməl təqdir edilir ya da adiləşdirilir, yaxud o əməli törədən şəxslər "qəhrəman" kimi təqdim edilir. Hətta elə "influencer"lər vardır ki, onlar sosial şəbəkələrdəki onlayn nüfuzunu müəyyən illeqal fəaliyyətləri pərdələmək üçün də istifadə edirlər. Bunu son zamanlar Türkiyə polisinin həyata keçirdiyi əməliyyatlardan da görmək mümkündür.

Sosial şəbəkələr üçün izləyici kütləsi, bəyənmə və paylaşma sayı çox önəmlidir və bunlara nail olmaq üçün bəzən ən absurd, qəbul edilməz, etikadan kənar hərəkətlərə yol verilir. Çünki virtual məkan insana saxta "çəkingənlikdən, məsuliyyətdən azadolma", "sərbəstlik" hissi aşılayır. Məhz bu saxta hisslər insanları başqalarını təhqir, şantaj, böhtan, onlar barədə saxta yaxud şəxsi həyata aid məlumatlar yaymaq kimi illeqal hərəkətləri törətməyə meylləndirir yaxud həvəsləndirir. Bir gün ərzində bu tip məlumalar bütün ölkəyə yayıla bilir və zərərçəkmiş üçün ağır sosial-psixoloji problemlərlə nəticələnir.

Digər problem ondan ibarətdir ki, virtual məkanda olan hadisələr yalnız orada qalmır, real həyata da siraət edir. Belə ki, sosial şəbəkələrin səbəb olduğu xeyli sayda cinayətlər, ailələrin dağılması, ailədaxili şiddət kimi sosial problemlər meydana çıxır. Xüsusilə son vaxtlar real həyatda baş verən cinayətlərin bir hissəsinin sosial şəbəkə fəaliyyətlərindən qaynaqlandığının şahidi oluruq. Qeyd edim ki, belə halların sayı günü-gündən artmaqda davam edəcəkdir. Çünki virtual məkan hər yaş qrupundan, sosial qruplardan ibarət milyonlarla insanın fəaliyyət göstərdiyi, qanunların cüzi təsirə malik olduğu, xaotik bir yerdir və ciddi və adekvat hüquqi tənzimləməyə ehtiyacı vardır.

Qeyd edim ki, əvvəl yalnız peşəkar media və ya jurnalistlər kütləv informasiyanın subyekti idisə, sosial şəbəkələrin verdiyi imkanlar nəticəsində hər bir şəxs informasiya subyekti ola bilir və klassik kütləvi informasiya vasitələri ilə müqaisədə daha geniş kütləyə müraciət edə bilir. Bu da informasiya subyektlərinin sayını kəskin, hətta müqayisəolunmaz dərəcədə artırır. Sosial şəbəkələri həm də ona görə unikal alət hesab etmək olar ki, onlar ənənəvi mediada olduğu kimi informasiyanı müəyyən müddət sonra deyil, real vaxt və məkan rejimində ötürmə gücünə malikdir. Bu inqilabi dəyişiklik həm də ötürülən informasiya ilə bağlı ictimai rəyi dərhal öyrənməyi mümkün edir. Ənənəvi media vasitələri bu səbəbdən xəbərin çatdırılmasında vaxt baxımından sosial media platformalarına uduzur və izləyici kütləsini sürətlə itirir.

Lakin bu o mənaya gəlməməlidir ki, sosial şəbəkələr qadağan edilməli yaxud məhdudlaşdırılmalıdır. Adekvat və elastik qanunvericiliklə bu problemlərin bir hissəsini nəzarət altına almaq mümkündür. Hazırda sosial şəbəkələr haqqında xüsusi bir qanun mövcud deyildir və bu sahəyə aid münasibətlər müxtəlif qanunvericilik aktları vasitəsilə tənzimlənir. Qeyd edim ki, məsələn Almaniya və Türkiyədə artıq sosial şəbəkələr haqqında qanunlar mövcuddur və növbəti müsahibələrdə tərəfimizdən bu qanunlar barədə daha geniş formada məlumat veriləcəkdir. Azərbaycanda hazırda sosial şəbəkələr sahəsində həm maddi həm də prosessual qanunvericilik artıq yeni reallıqla ayaqlaşa bilmir. Yeni reallığa uyğun yeni qanun normaları və bu normaları daha çevik işlək vəziyyətinə gətirəcək prosessual qaydalar qəbul edilməlidir. Məsələn klassik formada təhqir əməlinə görə məsuliyyət üçün köhnə prosessual qaydalar artıq yeni dövrün şərtlərinə uyuşmamaqdadır. Yeni dövr daha elastik və çevik qanunvericilik tələb edir, çünki bu dövr daha sürətli, dəyişkən xarakterə malikdir. Uyğun elastik maddi və prosessual qanunvericilik, bu qanunvericiliyin tətbiqi üçün çevik davranmaq iqtidarında olan ixtisaslaşmış hüquq-mühafizə və məhkəmə orqanlarının formalaşdırılması yeni rəqəmsallaşma dövrünün əsas hüquqi şərtlərindəndir. Əks halda bu problemlərlə mübarizədə dövlətlərin öz suverenliklərinin kiber məkanda minimuma enməsinin şahidi olacağıq.

Qeyd edim ki, Vəkillər Kollegiyası yanında Kibercinayətkarlıq və Kibertəhlükəsizlik Komitəsi olaraq hazırda əsas fəaliyyət istiqamətimiz kimi internet cinayətkarlığı sahəsində qanunverciliyin təkmilləşdirilməsi üçün öz layihələrimizi hazırlamaqdayıq.

Asif Mustafayev

Vəkillər Kollegiyası yanında Kibercinayətkarlıq və Kibertəhlükəsizlik Komitəsinin sədri

"Cybercrime Consulting" şirkətinin təsisçisi

Oxşar xəbərlər