Bəraət almış şəxsin həbsdə olduğu dövr əmək stajına daxil edilirmi?


  • 20 Fevral 10:59

"Əmək Məcəlləsinin 62-ci maddəsinə əsasən işəgötürən iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə, mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər".

E-huquq.az xəbər verir ki, bunu vəkil Vamiq Şükürov deyib.

O bildirib ki, işçinin işdən kənarlaşdırılmasının şərtləri var:

a) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90 və 91-ci maddələrinə müvafiq olaraq, şübhəli şəxs qismində tanınma və ya təqsirləndirilən şəxs qismində cəlb etmə barədə cinayət prosesini həyata keçirən orqanın qərarı olduqda;

b) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.4-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə müvafiq akt qəbul edildikdə.

Vəkil deyib ki, işçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir. İşdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. İnzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətməkdə məhkəmə qərarı ilə təqsiri müəyyən edilməyən işçilər işə bərpa edilirlər və hesab edirik ki, işəgötürənin şikayəti əsasında onların məsuliyyətə cəlb olunması hallarında bəraət almış işçilərə kənarlaşdırıldıqları dövrdə əmək haqqı verilməlidir.

V.Şükürovun sözlərinə görə, digər hallarda isə Əmək Məcəlləsinin 291-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində işçinin işdən çıxarılması və ya kənarlaşdırılması ilə əlaqədar vurulmuş ziyanın ödənilməsi qaydası müvafiq qanunla müəyyən edilir.

"Əmək Məcəlləsinin 32-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində işdən (vəzifədən) azad edilmiş və ya kənarlaşdırılmış və müəyyən edilmiş qaydada tam bəraət almış işə (vəzifəyə) bərpa edilən şəxsin məcburi işburaxma dövrü və ya həbsdə olduğu dövr əmək məzuniyyətinə hüquq verən əmək stajına daxil edilir", - deyə vəkil qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər