Cəzaçəkmə müəssisəsində olan cavabdehin mediasiya prosesində iştirakı necə təmin olunmalıdır?


  • 12 Oktyabr 2021 13:58

Məlum olduğu kimi, iyulun 1-dən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Bununla da artıq vətəndaşlar kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında məcburi şəkildə iştirak etməlidirlər.

Mediasiya institutu yeni yaradıldığından vətəndaşların bir çoxu mediasiya prosesi ilə bağlı kifayət qədər məlumatlı deyil və onları düşündürən bir çox suallar var. Bu suallardan biri də cəzaçəkmə müəssisəsində olan cavabdehin mediasiya prosesində iştirakı ilə bağlıdır. “Mediasiya haqqında” qanuna nəzər salsaq, görərik ki, bununla bağlı konkret müddəalar qanunvericilikdə öz əksini tapmayıb.

Məsələ ilə bağlı Mediasiya Şurasının Müşahidə Şurasının üzvü Ruslan Mirzəyevə müraciət etdik. O, e-huquq.az-a açıqlamasında bildirdi ki, qanunvericilikdə cəzaçəkmə müəssisəsində olan cavabdehin mediasiya prosesində iştirakı məsələsi yer almasa da, mediatorlar təcrübədə bu kimi hallarla rastlaşa bilirlər.

"Əgər cavabdeh cəzaçəkmə müəssisəsindədirsə, bu halda onun mediasiya prosesində iştirakı üçün şərait yaradılması barədə mediator tərəfindən həmin cəzaçəkmə müəssisəsinə məktubla müraciət olunmalıdır. Cavabdehin mediasiya prosesində onlayn formada iştirakına şərait yaradıla bilər, yaxud mediasiya prosesinin həyata keçirilməsi üçün xüsusi yer ayrıla bilər", - deyə R.Mirzəyev qeyd edib.

Onun sözlərinə görə, məktuba müsbət cavab verilməsə, yəni cavabdehin mediasiya prosesində iştirakı üçün cəzaçəkmə müəssisəsi tərəfindən lazımi şərait yaradılmasa, bu halda mediasiya prosesinə xitam verilir: "Təcrübədə belə bir halla rastlaşan mediatorlar olub. Bu zaman mediator prosesə xitam verir və iddiaçıya arayış verir ki, məhkəməyə müraciət etsin".

Sözügedən məsələ ilə bağlı “Mediasiya haqqında” qanuna dəyişiklik edilməsinə gəlincə isə R.Mirzəyev hələ ki, belə bir dəyişikliyin nəzərdə tutulmadığını deyib.

"Bu spesifik haldır. Belə çətinliklər cavabdeh ölkə xaricində olduğu zaman da yaşana bilər. Bir şeyi də qeyd etmək lazımdır ki, xüsusən ailə mübahisələrində cavabdehin cəzaçəkmə müsəssisəsində olduğu işlərin sayı az deyil. Ona görə də düşünürəm ki, sırf mediasiya aspektindən yox, ümumiyyətlə, cəzaçəkmə müəssisələri üçün bu kimi hallarda görüşlərin hansı formada keçirilməsinə dair bir mexanizmin olması yaxşı olardı".

Xəyalə Bünyatova

Oxşar xəbərlər