Avropa çempionunu öldürməkdə təqsirləndirilən şəxs azadlığa buraxıldı


  • 22 Oktyabr 2021 17:11

Sumqayıt Apellyasiya Məhkəməsində Avropa çempionunu öldürməkdə təqsirləndirilən Orxan Hacıyev barəsindəki qərardan prokurorluq tərəfindən verilən protest üzrə məhkəmə prosesi başa çatıb.

Bu barədə e-huquq.az-a vəkil Əli Hüseynov məlumat verib.

"Orxan Hacıyev barəsində Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə) ittiham irəli sürülmüşdü. Bakı Ağır Cinayətlər Məhkəməsində onun əməlinin 122.1-ci maddəyə (güclü ruhi həyəcan vəziyyətində adam öldürməyə görə) tövsif etməsi barədə qərar qəbul edilmiş və 2 il həbs cəzası verilmişdi. Prokuror bu qərardan protetst verdi. Bu gün Sumqayıt Apellyasiya Məhkəməsi işə baxaraq onun əməlini 123.1-ci maddəyə (zəruri müdafiə həddini aşmaqla adam öldürmə) tövsif edərək onun 2 il cəza müddətini 1 il 6 aya saldı. Bu gün Orxan Hacıyev həbsdən azad edildi", - deyə vəkil bildirib.

Xatırladaq ki, 2020-ci il fevralın 1-də Şamaxı şəhər sakini 22.07.1991-ci il təvəllüdlü Hacıyev Orxan Asif oğlu aralarında yaranmış mübahisə zamanı üzərində olan mətbəx bıçağı ilə Şamaxı şəhər sakini 26.04.1995-ci il təvəllüdlü Surxayev Ruslan Adil oğlunun bədəninin müxtəlif nahiyələrinə 5 dəfə zərbə endirib. Nəticədə Ruslan Surxayev aldığı xəsarətlərdən ölüb.

Qeyd edək ki, Ruslan Surxayev sərbəst güləş üzrə yeniyetmə və gənclər millimizin üzvü olub.

Oxşar xəbərlər