- 22 Sentyabr 17:24
Bakı Apellyasiya Məhkəməsi vəkil Səbuhi Paşayevin məhkəməyə getdiyi halda hakim Xumar Mərdanovanın onun iştirakı olmadan işə baxması və qərar qəbul etməsi barədə iddiasına münasibət bildirib.
E-huquq.az-ın sorğusuna cavab olaraq verilən məlumatda deyilir:
"Məhkəməyə müraciət etmək hüququnun təmin olunması, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə (bərpa) edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini zəruri edir və bu çərçivədə, fəaliyyətinin əsas funksiyası fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən, onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarət olan vəkillik institutunun güclü təsisat kimi formalaşması xüsusi əhəmiyyət kəsb edir.
Son dövrlərdə vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsi, hüquqi yardıma çatımlılığın təmin olunması, insan hüquq və azadlıqlarının müdafiəsi məqsədilə vəkillik institutunun maddi-texniki təminatının yaxşılaşdırılması, eləcə də yeni vəkil qurumlarının təsis edilməsi istiqamətində mütərəqqi tədbirlər görülməkdədir və bu tədbirlərin Respublikamızda həyata keçirilən məhkəmə-hüquq islahatlarına xüsusi töhfə verəcəyi danılmazdır.
Şübhəsizdir ki, nadir hallarda olsa belə, bəzən vəkillər tərəfindən vəkil etikasına riayət olunmamasının, habelə məhkəmədə baxılan işlərlə bağlı sosial şəbəkələrdə reallığı əks etdirməyən informasiyaların paylaşılmasının müşahidə edilməsi həyata keçirilən islahatların mahiyyətinə xələl gətirə bilməz, lakin fikrimizcə, bu cür hallara prinsipial qiymətin verilməsi həm vəkillik institutunun, həm də məhkəmə hakimiyyətinin nüfuzunun qorunması baxımından əhəmiyyət kəsb edir.
Məhz bu qənaətimiz, “Faiq Nağıyev və partnyorları” Vəkil Bürosunun vəkili Paşayev Səbuhi Nəriman oğlunun “E-huquq.az” saytında 02.12.2022-ci il tarixdə yayımlanan müraciətinə münasibət bildirməyimizi zəruri edir və hesab edirik ki, münasibətimiz gələcəkdə bənzər xoşagəlməz halların qarşısının alınmasına xidmət edəcəkdir.
İlk növbədə qeyd etmək istəyirik ki, nə mülki prosessual qanunvericilikdə, nə də vəzifə təlimatında məhkəmə katibinin tərəfləri məhkəmə iclas zalına dəvət etməsi kimi bir öhdəliyi müəyyənləşdirilməmişdir və vəkil Səbuhi Paşayevin işlərə məhkəmənin inzibati binasının hər hansı yerində deyil, məhz tərəflərə ünvanlanan bildirişdə göstərilən məhkəmə zalında baxıldığını, işə baxılması üçün təyin edilən vaxtda tərəflərin məhkəmə iclas zallarına gəlməli olduğunu bildiyi şübhəsizdir.
Vəkil Səbuhi Paşayevin sözügedən müraciəti ilə əlaqədar aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, elektron kabineti vasitəsilə ona məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, baxılan işlə bağlı bilavasitə özü tərəfindən məhkəməyə ünvanlanan yazılı izahatı işə əlavə edilmiş, beləliklə məhkəmə iclasının keçiriləcəyi yer və vaxt barədə vəkilin kifayət qədər məlumatı olmuşdur.
Məhkəmə iclasının audio-video yazısının görüntüləri izlənərkən isə müəyyən edilmişdir ki, işə baxan məhkəmə tərkibi qarşı tərəfin nümayəndəsinin məhkəmə iclas zalında olmasına baxmayaraq, iddiaçı tərəfin də gəlməsini müəyyən müddət gözləmiş, bundan sonra haqlı olaraq işə baxılmasını davam etdirmişdir.
Bakı Apellyasiya Məhkəməsi olaraq ədaləti, insan hüquq və azadlıqlarına hörməti, həmrəyliyi, xoşniyyəti, şəffaflığı, qərəzsizliyi, cəmiyyətə hesabat verməyi, aşkarlığı fəaliyyətimizin əsas prioritetləri kimi müəyyənləşdirdiyimizi vurğulayır, ədalət mühakiməsinə olan etimad mühitinin möhkəmləndirilməsində müstəsna rolu olan dəyərli vəkillərimizdən məhkəmədə baxılan işlərlə bağlı reallığı əks etdirməyən informasiyaları paylaşmamağı xahiş edirik".