- 24 Aprel 16:47
Gəlin qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmanın hansı hüquqi nəticələrə səbəb olmasına nəzər salaq.
İlk öncə qeyd edək ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
Konstitusiyamızda təsbit olunmuş hüquqlardan biri də azad sahibkarlıq hüququdur (maddə 59). Belə ki, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər.
Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna edilməklə, fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir vətəndaşı, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər, hər bir xarici vətəndaş, vətəndaşlığı olmayan şəxs və xarici hüquqi şəxslər sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlər.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər əvvəlcə vergi orqanında vergi ödəyicisi kimi uçota alınmalıdırlar.
Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə görə kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar.
Vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir.
Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs vergi uçotuna alınmaq üçün ərizəni sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir.
Əsas məsələlərdən biri də sahibkarın məşğul olduğu fəaliyyətin növüdür.
Belə ki, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin bəzi növləri yalnız xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir.
Xüsusi razılıq (lisenziya) tələb edən fəaliyyət növlərinin siyahısı "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununa 1 və 2 nömrəli Əlavələrdə öz əksini tapmışdır.
Qeyd edək ki, xüsusi razılıq tələb edən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər vergi uçotuna və ya dövlət qeydiyyatına alındıqdan sonra müvafiq dövlət orqanına müraciət etməli və lisenziya əldə etməlidirlər.
Sahibkar lisenziyanın şərtlərini pozmamalı və lisenziyada nəzərdə tutulmayan fəaliyyətlə məşğul olmamalıdır.
Sahibkarlıq fəaliyyəti zamanı diqqət edilməli məqamlardan biri də xüsusi razılıq olmadan dövriyyəsi qadağan edilmiş əşyalardan istifadə edilməsi məsələsidir.
Əgər şəxs sahibkarlıq fəaliyyəti zamanı "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli 565-IIQ nömrəli Qanunu ilə müəyyən edilmiş hər hansı bir əşyanın dövriyyəsi ilə məşğul olmaq istəyirsə, bu zaman müvafiq inzibati orqana müraciət edərək, bununla bağlı icazə almalıdır.
Yuxarıda qeyd olunan tələblərə riayət edilməməsi müvafiq olaraq inzibati və ya cinayət məsuliyyəti yarada bilər.
Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən, şəxs, dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.
Bu əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda ( əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ) gəlir əldə etməklə törədildikdə - cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər külli miqdarda (iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ) ziyan vurduqda və ya külli miqdarda gəlir əldə etməklə törədildikdə, həmçinin mütəşəkkil dəstə tərəfindən törədildikdə, cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Sözügedən əməllər xüsusilə külli miqdarda (beş yüz min manatdan yuxarı) ziyan vurduqda və ya xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə, üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd misli miqdarında cərimə və ya beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Qeyd olunan cinayət əməlini törətmiş və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəmiş və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüş şəxs, bundan əlavə vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir.
Yekun olaraq qeyd edək ki, sahibkar bilavasitə mənfəət götürmək naminə fəaliyyət göstərsə də o, eyni zamanda həm də cəmiyyətin ümumi mənafeyinə də xidmət etmiş olur.
Buna görə də, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma təkcə şəxsin müvafiq məsuliyyətə cəlb edilməsi ilə nəticələnmir, eyni zamanda cəmiyyətin ümumi mənafeyinə də xələl gətirmiş olur.
Nuranə Carçalova
“Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili