Qarşılıqlı iddia zamanı tərəflər təkrar mediasiyaya göndərilə bilərmi?


  • 11 Yanvar 2022 17:30

“Mediasiya haqqında” Qanuna əsasən, vətəndaşlar kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında məcburi şəkildə iştirak etməlidirlər. Azərbaycan üçün yeni olan mediasiyanın tətbiqi ilə bağlı müəyyən fikir ayrılıqları və mübahisə predmeti olan məsələlər mövcuddur. Bunlardan biri də ilkin mediasiyadan keçmiş tərəflərin qarşılıqlı iddia zamanı yenidən mediasiyaya göndərilməsi ilə bağlıdır. Bəziləri bunu düzgün hesab etsə də, ilkin mediasiya sessiyasında iştirak edən tərəflərin məhkəmədə qarşılıqlı iddia qaldırılan zaman yenidən mediasiyaya göndərilməsini doğru hesab etməyənlər də var.

Bakı 2 saylı Mediasiya Təşkilatının rəhbəri, mediator İlhamə Həsənova mövzu ilə bağlı e-huquq.az-a açıqlamasında bildirib ki, qarşılıqlı iddia tələbi ilkin tələbi tam və ya qismən əhatə edirsə, bu halda təkrar mediasiyaya ehtiyac yoxdur: "Qarşılıqlı tələb ilkin tələbi tam əhatə etmirsə, onda yenidən mediasiya keçirilməlidir. Məsələn, ər arvada qarşı iddia irəli sürür ki, nikah pozulsun və uşaqlar atada qalsın. Arvad da ərə qarşı iddia sürür ki, uşaqlar anada qalsın. Artıq bu mübahisə uşağın kimdə qalması ilə bağlıdır və bir dəfə mediasiyadan keçib. Bu halda yenidən mediasiyaya ehtiyac yoxdur. Yox əgər qarşı tərəf başqa bir iddia tələbi irəli sürərsə, bu halda iş yenidən mediasiyaya getməldir".

Mediasiya Şurasının Müşahidə Şurasının üzvü Ruslan Mirzəyev bildirib ki, tərəflərin razılığı varsa, məhkəmə onları yenidən mediasiyaya göndərə bilər: "Qanunda yazılıb ki, ilkin mediasiyanı keçmiş hallar istisna olmaqla, hakim tərəflərin razılığı ilə işi mediasiyaya göndərə bilər. Lakin iddia tələbi ilə bağlı ilkin mediasiya sessiyası keçirilibsə, bu halda hakim işi yenidən mediasiyaya göndərmir. Amma fikrimcə, bu mediasiyanın mahiyyətinə ziddir. Tərəflər mediasiyaya getmək istəyirsə, niyə onlara mane olmalıdır? Çünki mediasiyada hər mərhələnin öz əhəmiyyəti var. Ola bilər ki, birinci mərhələdə tərəflər barışığa hazır olmayıblar. Sonradan isə barışıq üçün uğurlu bir vəziyyət yaranıb. Hesab edirəm ki, tərəflər bu hüquqlarından istifadə edə bilərlər. Bizdə Qanuna əsasən, tərəflər ilkin mediasiya sessiyasını keçiblərsə, onların razılığı olmadan hakim məcburi şəkildə onları yenidən mediasiyaya göndərə bilməz. Digər ölkələrdə isə vəziyyət başqadır, hakim əmr verir ki, bu iş məcburi qaydada mediasiyaya getsin".

Vəkil Cəmilə Ağayeva isə qarşılıqlı iddia üzrə təkrar mediasiyanın təyin olunmasının əsassız olduğunu deyib."Eyni tərəflərin fərqli iddia olsa da, təkrarən mediasiyaya göndərilməsi prosesin uzanmasına gətirib çıxarır. Bu baxımdan hesab edirəm ki, qarşılıqlı iddia üzrə təkrar mediasiyaya ehtiyac yoxdur".

Oxşar xəbərlər