"Rəqabət hüququnun icra mexanizminin fəaliyyətini təmin etmək üçün müxtəlif modellərdən və vasitələrdən istifadə etməyə ehtiyac var"


  • 4 Mart 11:50

“Azərbaycan Hüquq İslahatları Mərkəzi” İctimai Birliyinin həyata keçirdiyi “Mütəxəssislə müsahibə” adlı layihəsinin budəfəki qonağı Avropa İttifaqı hüququ və rəqabət hüququ üzrə tanınmış professor Culian Novaq olub.

- Cənab Novaq! Dəvətimizi qəbul etdiyimizə və dəyərli vaxtınızı ayırıb müsahibədə iştirak etdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Qısa məlumat üçün qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”da Azərbaycanda biznes mühitini əhəmiyyətli dərəcədə yaxşılaşdıran, haqsız rəqabətin qarşısının alınmasına xidmət edən, beynəlxalq təcrübəni və müasir yanaşmaları əks etdirən Rəqabət Məcəlləsinin qəbul edilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə 8 dekabr 2023-cü il tarixdə Rəqabət Məcəlləsi qəbul edilmişdir. Azərbaycan Respublikasının ilk Rəqabət Məcəlləsinin 2024-cü ilin 1 iyununda qüvvəyə minməsi ilə “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Təbii inhisarlar haqqında” Qanunlar hüquqi qüvvəsini itirəcəkdir. Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 77-ci maddəsinə uyğun olaraq rəqabət orqanına natamam, yanlış və ya saxta sənəd və məlumatların təqdim edilməsi və ya həmin sənəd və məlumatların gecikdirilməklə təqdim edilməsi, yaxud təqdim edilməməsi təsərrüfat subyektlərinə maliyyə sanksiyasının tətbiqi ilə nəticələnir. Təqsirsizlik prezumpsiyası təməl insan hüquqlarındadır. Hər bir təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilməlidir. Bu baxımdan, “77-ci maddə” fundamental insan hüquqlarının pozulması hesab edilə bilərmi?

- Bu sualın bir sıra məqamlardan, xüsusən də Azərbaycanın hüquqi sisteminin əsas xüsusiyyətlərindən asılı olaraq cavablandırıla bilər. Əsas nəzərə alınmalı olan məqam 77-ci maddədə qeyd olunan hallarda maliyyə sanksiyasının tətbiqinin şirkətlərin nə dərəcədə “insan hüquqları”nın pozulması faktı kimi qiymətləndirilməsi məsələsidir. İkinci növbədə onu deyə bilərəm ki, hakimiyyətin hüququ məhdudlaşdıran hərəkətləri hər bir halda pozuntu sayılmır. Digər insan hüquqlarına tətbiq olunan məhdudiyyətləri də nəzərə alsaq, bu müddəanı pozuntu kimi dəyərləndirməmək olar. Üçüncüsü, biz bu müddəanın icra mexanizmini nəzərdən keçirməliyik. ABŞ sistemində belə bir müddəa müdafiə hüququnun pozulması kimi, Avropa İttifaqında isə vəziyyət inzibati icraat modelində fərqli dəyərləndirilə bilər. Əslində, oxşar müddəalara Aİ-nin müvafiq prosedur qaydalarında da rast gəlmək mümkündür.

- Rəqabət orqanları müvafiq müəssisə və ya müəssisədə çalışan şəxsləri özləri haqqında ittihamedici məlumatların verilməsinə dərəcədə məcbur edə bilərlər?

- Bu, yenə də icra modelinə (məsələn, cinayət yaxud inzibati) və hansı hüququn tətbiq olunmasına əsaslanır. Məsələn, Avropa İttifaqında şirkətlərdən və onların işçilərindən hər hansı (o cümlədən itthamedici) məlumat təqdim etmək tələb olunur. Lakin bu öhdəlik yalnız faktiki məsələlərə aiddir və təqsirin qəbullanması ilə məhdudlaşmır. Yəni məsələn, pozuntunun sübutunu ehtiva edən qiymət sövdələşməsi barədə kartel razılaşmasını təsdiq edən e-poçt yazışmasının təqdim edilməsi hələ pozuntunun etiraf olunması anlamına gəlmir.

- Bu məsələ ilə bağlı mövqeyiniz necədir və təcrübədə meydana çıxan problemlər nə ola bilər?

- Azərbaycanın qanunvericiliyini dəqiq bilmədən bu məsələ ilə bağlı ətraflı şərh vermək istəməzdim. Qeyd etmək istəyirəm ki, cinayət modelində adətən yalnız cinayət prosesində mövcud olan bir sıra vasitələr mövcuddur. Bu vasitələr araşdırma aparan şəxsləri qanun pozuntularına dair sübutların əldə edilməsi üçün effektiv vasitələr ilə təmin edir. Bu imkanlar inzibati modeldə mövcud deyil. Beləliklə, rəqabət hüququnun icra mexanizminin fəaliyyətini təmin etmək üçün müxtəlif modellərdən və vasitələrdən istifadə etməyə ehtiyac var.

- Rəqəmsal iqtisadiyyatın tənzimlənməsi həqiqətən zəruridirmi? Ənənəvi rəqabət hüququ bugünkü yeni biznes modellərini idarə etmək üçün yaxşı təchiz olunubmu?

- Bu barədə dünyada müxtəlif hesabatlar vardır. (məsələn, ABŞ, Böyük Britaniya, Yaponiya, Aİ, Almaniya, Fransa, Avstraliya və bir çox digər yurisdiksiyalarda rəqəmsal bazarlar haqqında məlumat xarakterli hesabatlar var). Rəqəmsal iqtisadiyyatda rəqabət hüququnun tətbiqi ilə bağlı bu hesabatların əksəriyyətində vurğulanan problemlərdən biri, bu bazarlarda rəqabət hüququnun tətbiqinin əhəmiyyətli bir fərq yaratmayacağıdır. Rəqabət hüququnun pozuntu törədildikdən sonra işlədiyi vurğulanıb. Başqa sözlə, rəqabət hüququnun tətbiqi yalnız zərər artıq vurulduqdan (qanun pozulduqda) sonra mümkünləşir. Beləliklə, Aİ Rəqəmsal Bazar Aktı kimi qanunlar gələcəyə hesablanmış və gələcəkdə problemlərin yaranmasının və ya mövcud problemlərin həllinin qarşısını almağa çalışan "ex-ante" yanaşma tətbiq edir.

- Türkiyənin aparıcı e-ticarət platforması olan “Trendyol” Azərbaycanda yerli pərakəndə satıcıların inkişafına çox ciddi maneə yaradır. Onlar gəlirlərinin əvvəlki illərlə müqayisədə xeyli zəif olmasından şikayətlənirlər. Təəssüf ki, yeni Rəqabət Məcəlləsində yeni biznes modellərinə və rəqəmsal bazara həsr olunmuş müddəalar yoxdur. Məsələn, Avropada rəqəmsal bazarları daha ədalətli və daha rəqabətli etmək üçün hazırlanmış Rəqəmsal Bazarlar Aktı mövcuddur. Eynilə Avropadakı kimi, rəqəmsal bazarla bağlı əlavə bir qanunvericilik aktının qəbul etmək zəruridirimi, yoxsa rəqəmsal iqtisadiyyatın tənzimlənməsi ilə bağlı müddəaların Rəqabət Məcəlləsinə birdəfəlik daxil etmək daha yaxşı olardı?

- Yenə vacib və çətin suallar qaldırırsınız. “Trendyol”un bazara daxil olması bəzi yerli pərakəndə satıcıların gəlirlərini azaltsa da, eyni zamanda istehlakçılar üçün qiymətlərin aşağı düşməsinə səbəb ola bilər. Beləliklə, cavablar birmənalı deyil. Bununla belə, rəqəmsal bazarlarda rəqabətin qorunması, şübhəsiz ki, diqqət yönəldilməli olan mühüm məsələdir. Rəqabət qurumuna (və ya digər qurumlara) rəqəmsal bazarda yaranan rəqabət pozuntularını müəyyənləşdirmək və həll etmək üçün əlavə vasitələrə ehtiyac ola biləcəyi düşünülür.

- Cənab Novaq, “Rəqabət və Əqli Mülkiyyət Hüququnda Dayanıqlı İnkişaf Məqsədləri” kitabında “Dayanıqlı İnkişaf və Rəqabət Hüququ: Beynəlxalq Hesabat” adlı yazdığınız hesabatın birinci hissəsi ilə tanış olduq. Müxtəlif ölkələrin antiinhisar qanunvericiliyinin qarşılıqlı müqayisəsindən belə nəticəyə gəldik ki, Azərbaycanın antiinhisar qanunvericiliyi daha çox Avstriyanın antiinhisar qanunvericiliyinə bənzəyir. Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 13-cü maddəsinə əsasən, “texnologiyanın transferti, bazarın tədqiqi və inkişafı ilə əlaqəli olan sazişlər bu Məcəllənin 13.2-ci maddəsi ilə müəyyənləşdirilən meyarlara cavab verdikdə, habelə istehlakçılara verdiyi fayda rəqabətin məhdudlaşdırılmasının mənfi təsirlərindən üstün olan sazişlər və uyğunlaşdırılmış hərəkətlər aşağıdakı şərtlərin hamısına birlikdə cavab verdikdə, həmin şərtlərin mövcud olduğu müddətdə rəqabət orqanı tərəfindən qadağadan azad edilir: 13.1.1. belə sazişlər məhsulun istehsalının və ya satışının yaxşılaşdırılmasına, yaxud texniki və ya iqtisadi tərəqqinin təşviqinə xidmət etdikdə və istehlakçıların ədalətli şəkildə əlavə fayda əldə etməsinə imkan yaratdıqda; 13.1.2. belə sazişlər bu Məcəllənin 13.1.1-ci maddəsində qeyd olunanlara nail olmaq məqsədilə qeyri-mütənasib əlavə məhdudiyyətlər müəyyən etmədikdə; 13.1.3. belə sazişlər təsərrüfat subyektlərinə müəyyən məhsulun əhəmiyyətli hissəsinə münasibətdə rəqabətin məhdudlaşdırılması imkanını vermədikdə. Bu kontekstdə davamlılığı necə qiymətləndirərdiniz?

- Yuxarıda qeyd edilən müddəaları nəzərə alsaq, davamlılığın faydalarını keyfiyyətin yüksəldilməsi və ya istehsal prosesində təkmilləşdirmələr kimi nəzərdən keçirmək açıq şəkildə mümkündür. O zaman sual, istehlakçıların ədalətli payı nə dərəcədə alması olacaq ki, bu da işin şəraitindən asılı olacaq. Bununla belə, qeyd etmək istərdim ki, davamlı inkişafı təşviq edən bir çox sazişlər var ki, onlar rəqabəti heç məhdudlaşdırmaya da bilər. Mən bunu bir tələbə ilə 2020-ci il tarixli məqalədə vurğulamışdım (https://ssrn.com/abstract=4030470). Həmçinin, Avropa İttifaqı Komissiyası da davamlılıq standartlarına dair xüsusi bölməni yeni üfüqi təlimatlarına daxil edib və burada ilk növbədə rəqabəti məhdudlaşdırmamaq üçün bu cür standartlar üçün yerinə yetirilməli olan şərtləri izah edir.

Oxşar xəbərlər