Affekt vəziyyətində törədilən cinayət məsuliyyətə səbəb olurmu?


  • 3 Mart 2023 16:47

Bu gün cəmiyyətimizdə aktual mövzulardan biri affekt, digər adı ilə güclü ruhi həyəcan vəziyyətində cinayətlərin törədilməsidir. Psixologiyada güclü ruhi həyəcan vəziyyəti mənasına gələn “affekt” adlandırılan hal mövcuddur. Cinayət törədənlər “Cinayət vaxtı özümdə olmamışam”, “Hadisə vaxtı affekt vəziyyətində idim” kimi ifadələr verirlər. Bu ifadələr cinayət törədənlərin özlərinə haqq qazandırmağa çalışmasıdır, yoxsa, həqiqətən, dedikləri kimidir? Affekt vəziyyəti necə müəyyənləşdirilir? Affekt vəziyyətində cinayət törətmək məsuliyyətdən azad edirmi?

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsində güclü ruhi həyəcan vəziyyəti ilə əlaqədar iki cinayət tərkibi nəzərdə tutulmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 122-ci maddəsi qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə, 129-cu maddə isə qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma hallarını tənzimləyir. Habelə, Cinayət Məcəlləsinin cəzanı yüngülləşdirən halları özündə ehtiva edən 59-cu maddəsində də bu hallardan biri qismində cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi (maddə 59.1.8) müəyyən edilmişdir. Sözügedən maddələrdə qeyd olunan “güclü ruhi həyəcan” vəziyyətinin izahı ilə əlaqədar bildirmək istəyirəm ki, güclü ruhi həyəcan vəziyyəti zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız, yaxud sair hərəkətləri nəticəsində təqsirkarda qəflətən yaranan, kəskin xarici reaksiya ilə müşayiət olunan, qısa müddətli, lakin intensiv cərəyan edən və yüksək həyəcanlanma ilə xarakterizə olunan vəziyyətdir. Başlıca olaraq qeyd etmək lazımdır ki, əsas şərt kimi təqsirkarın əməlində güclü ruhi həyəcan vəziyyəti qəflətən yaranmış olmalıdır.

Cinayət Məcəlləsinin 122-ci maddəsində qeyd edilir ki, güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə zamanı şəxs iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Güclü ruhi həyəcan vəziyyətində iki və ya daha çox şəxsi qəsdən öldürmə zamanı isə üç ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə yüngülləşdirici hallarda adam öldürmə cinayətinin bir növü hesab edilir. Məsuliyyətin yüngülləşdirilməsinin əsasını cinayətin subyektiv cəhətinin əlaməti kimi təqsirkarın emosional (güclü ruhi həyəcan) vəziyyəti və zərərçəkmiş şəxsin zorakılığı, ağır təhqiri, sair qanunsuz və ya əxlaqsız hərəkətləri təşkil edir.

Habelə, Cinayət Məcəlləsinin 129-cu maddəsi ilə müəyyənləşdirilən güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən sağlamlığa ağır zərər vurma min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə, az ağır zərər vurma isə min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

O cümlədən, bu məqalədə affekt vəziyyətinin müəyyənləşdirilmə mexanizmi, şərtləri və qaydalarından bəhs etmək məqsədəuyğun olacaqdır. Affekt vəziyyəti yalnız psixoloji problemi olan şəxslər üçün xarakterik deyildir, yəni affekt vəziyyətinə düşmək üçün şəxsin öncədən psixoloji problemlərinin olması önəm daşımır. Sağlam psixoloji durumu olan insan da affekt vəziyyətinə düşə bilər. Cinayətin affekt vəziyyətində törədilib-törədilmədiyi psixoloji ekspertiza nəticəsində müəyyənləşdirilir.

Bu cinayətin obyekti konkret şəxsin həyatıdır. Qeyd etdiyimiz kimi, güclü ruhi həyəcan vəziyyəti zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız, yaxud sair hərəkətləri nəticəsində təqsirkarda qəflətən yaranan, kəskin xarici reaksiya ilə müşayiət olunan, qısa müddətli, lakin intensiv cərəyan edən və yüksək həyəcanlanma ilə xarakterizə olunan vəziyyətdir. Psixologiyada belə hal fizioloji affekt adlandırılır. Fizioloji affekt vəziyyətində şəxsin öz davranışı üzərində nəzarəti zəifləyir, onun şüurunun dərketmə dairəsi daralır, o öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək qabiliyyətini qismən itirir. Lakin fizioloji affekt vəziyyəti şəxsi anlaqsız vəziyyətə gətirmir, yalnız onu məhdud anlaqlılıq vəziyyətinə salır. Belə psixoloji vəziyyətdə olan şəxs öz davranışı üzərində nəzarəti tam itirmir və qismən şüurla hərəkət edir. Deməli, şəxs öz əməlinin ictimai təhlükəli nəticələrini görür və dərk edir.

Bildirdiyimiz kimi, təqsirkarın əməlinin Cinayət Məcəlləsinin 122-ci maddəsi ilə tövsif olunması üçün güclü ruhi həyəcan vəziyyəti qəflətən yaranmalıdır. Qəflətən yaranma dedikdə, zərərçəkmiş şəxs tərəfindən zorakılıq, ağır təhqir, sair qanunsuz və ya əxlaqsız əməllər nəticəsində təqsirkarda onu öldürmək hissinin müəyyən müddətdən sonra deyil, dərhal əmələ gəlməsi başa düşülür. Başqa sözlə, zərərçəkmiş şəxsin qətlə yetirilməsi ilə güclü ruhi həyəcan vəziyyətinin yarandığı an arasında müəyyən zaman fasiləsi keçməməlidir. Əgər güclü ruhi həyəcan vəziyyətinin yaranması anından müəyyən müddət keçmişdirsə, bu halda zərərçəkmiş şəxsin qətlə yetirilməsi, bir qayda olaraq, əməlin qisas motivi ilə qəsdən adam öldürmə kimi tövsif edilməsinə əsas verir.

Təqsirkarda güclü ruhi həyəcan vəziyyətinin yaranması üçün Cinayət Məcəlləsinin 122-ci maddəsinin dispozisiyasında göstərilən səbəblər olmalıdır. Bu səbəblərə aşağıdakılar aiddir:

- zərərçəkmiş şəxsin zorakılığı

- ağır təhqiri

- sair qanunsuz və ya əxlaqsız hərəkətləri (hərəkətsizliyi)

- zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi vəziyyət

Zorakılıq fiziki və ya psixi zorakılıq formasında təzahür edə bilər. Fiziki zorakılıq döymədə, işgəncə vermədə, sağlamlığa zərər vurmada, zorlamada və s. ifadə oluna bilər. Psixi zorakılıq fiziki zor tətbiq etməklə və ya rüsvayedici məlumatları yaymaqla hədələmədə ifadə oluna bilər. İnsan Hüquqları Komitəsi və Avropa Məhkəməsi psixi zorakılığın fiziki ağrı qədər xoşagəlməz ola biləcəyini qeyd edib. Habelə, Avropa Məhkəməsi öz qərarında bildirmişdir ki, işgəncə hədələri, əgər “kifayət qədər real” olarsa, ən azı “qeyri-insani rəftar” həddini keçə biləcək ciddi ruhi iztirablara bərabər olacaqdır (Kampbell və Kosans Böyük Britaniyaya qarşı). Eyni zamanda, zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq az əhəmiyyətli olmamalıdır və affekt vəziyyətinin yaranması üçün kifayət etməlidir.

Zərərçəkmiş şəxs tərəfindən edilən ağır təhqir dedikdə, Cinayət Məcəlləsinin 148-ci maddəsində müəyyən edilən təhqirlə müqayisədə daha ağır təhqir nəzərdə tutulmalıdır. Belə təhqir təqsirkarın şəxsiyyətinin, şərəf və ləyaqətinin müstəsna və son dərəcədə kobud surətdə alçaldılmasında ifadə olunur. Təhqirin ağır olub-olmaması, belə təhqirin təqsirkar tərəfindən ağır təhqir kimi qiymətləndirilməsinə görə deyil, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərə, milli adət və ənənələrə uyğun gəlib-gəlməməsi nöqteyi-nəzərindən müəyyən edilməlidir.

Sair qanunsuz hərəkətlər (hərəkətsizlik) dedikdə, zərərçəkmiş şəxsin təqsirkarda güclü ruhi həyəcan vəziyyəti yaradan qanunsuz əməlləri, məsələn, vəzifə səlahiyyətlərini aşması, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, rüşvət alması, özbaşınalıq etməsi və s. başa düşülməlidir.

Əxlaqsız hərəkətlərə, məsələn, nikahda olan, yaxud faktiki birlikdə yaşayan qadın və yaxud kişidən birinin digərinə açıq xəyanət etməsi və s. aid ola bilər.

Zərərçəkmişin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı dedikdə, uzun sürən dözülməz psixi vəziyyət çıxış edir. Belə hallarda, zərərçəkmiş şəxsin müntəzəm qanunsuz və ya əxlaqsız davranışı tədricən təqsirkarda psixi gərginliyi gücləndirir, sonuncu hərəkət isə bu cür şəraitin təsiri altında təqsirkarın “səbir kasasını” dolduraraq, qəflətən güclü ruhi həyəcan vəziyyətinin yaranmasını şərtləndirir.

Düşünürəm ki, sözügedən mövzunun hüquqi və fəlsəfi mahiyyətinin düzgün, tam şəkildə mənimsənilməsi üçün yalnız milli qanunvericiliyin təhlili kifayət deyildir. Bu səbəbdən də, bir sıra xarici ölkələrin qanunvericilik mövqeyi, habelə bu kimi ölkələrin qanunvericilik bazasına əsasən, güclü ruhi həyəcan vəziyyətində törədilən cinayətlərə görə təyin edilən cəzanın hüquqi-fəlsəfi aspektlərindən də bəhs etmək istərdim.

“Türk Ceza Kanunu”nun 51-ci maddəsi ilə “haksız tahrik” adı altında sözügedən hal cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur və məsələnin tənzimi milli qanunvericiliyimizlə, demək olar ki, eyniyyət təşkil edir.

Güclü ruhi həyəcan vəziyyətində cinayət törətməni ümumi müddəa kimi qanunvericilik sisteminə daxil edən aktlar arasında İsveçrə, Avstriya və İtaliya Cinayət Məcəllələrini qeyd etmək olar.

1930-cu il İtaliya Cinayət Məcəlləsinin 62-ci maddəsi ümumi yüngülləşdirici halları tənzimləyir. Bu maddənin birinci bəndində cinayətin təqsirkarın psixoloji vəziyyətinə uyğun olaraq “xüsusi dəyər daşıyan mənəvi və ya sosial motivi təhqir etmə” nəticəsində törədilməsi qeyd olunub.

2 yanvar 1975-ci ildə əhəmiyyətli dəyişikliklərə məruz qalan Almaniya Cinayət Məcəlləsində, milli məcəlləmizdən fərqli olaraq, güclü ruhi həyəcan vəziyyətində cinayət törətməklə bağlı hər hansı yüngülləşdirici ümumi müddəa yoxdur. Lakin bir sıra cinayətlərlə bağlı yüngülləşdirici hal kimi konkret normanın tərkibində xüsusi olaraq müəyyən edilir.

İngilis hüququnda güclü ruhi həyəcan vəziyyətində cinayət törətmək ümumi yüngülləşdirici hal kimi qəbul edilmir. Lakin, zərərçəkmişin qanunsuz və ya əxlaqsız hərəkətləri elə xarakterə malikdirsə ki, bu, təkcə müttəhimin iradəsinə deyil, həm də ağlabatan hər hansı digər şəxsin iradəsinə təsir, habelə onu özünüidarə səlahiyyətlərindən məhrum edə biləcək formada olmalıdır, məhz bu zaman cəzanın azaldılması üçün əsas kimi qəbul edilə bilər.

İbrahim Hüseynov

"Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosunun vəkili

Oxşar xəbərlər