Vətəndaşlar qanunvericilik təşəbbüsü hüququndan hansı qaydada istifadə edə bilər?


  • 30 Mart 2023 13:31

Qanunvericilik təşəbbüsü hüququ qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququdur. Qanunvericilik təşəbbüsü hüququ həm də, ölkədə qanunvericiliyin təkmilləşdirilməsi və normativ bazanın formalaşdırılmasında iştirak imkanıdır.

Azərbaycan Respublikasının Konstitusiyasının 96-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına, Azərbaycan Respublikasının Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur.

Konstitusiyadan göründüyü kimi, qanunvericilik təşəbbüsü hüququna dövlət hakimiyyəti orqanları ilə yanaşı, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşı da malikdir. Bu hüquq Azərbaycan Respublikasının Konstitusiyasında daha əvvəllər mövcud olmamış, yalnız, 18 mart 2009-cu il tarixdə keçirilmiş referendumla Konstitusiyamızın 96-cı maddəsinə əlavə edilməklə Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü hüququ tanınmışdır.

Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmişdir. Qanunda vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun (qərar) layihəsinə dair tələblər, vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı təşəbbüs qrupunun yaradılması, təşəbbüs qrupunun və layihənin qeydiyyatı, layihənin dəstəklənməsi üçün vətəndaşların imzalarının toplanması qaydası və layihənin Milli Məclisə təqdim edilməsi və müzakirəsi qaydaları öz əksini tapmışdır. Qanunda vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun və ya qərar layihəsində nəzərdə tuta bilməyəcəyi bir sıra məsələlər var ki, bunlar dövlət büdcəsi, dövlət rüsumu, vergilər və gömrük işi; əmək haqqının məbləği və onun ödənilməsi qaydası; cinayət və ya inzibati xətalar; ailə münasibətləri; ərazi quruluşu və inzibati ərazi bölgüsü; dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi; seçki və referendum; Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad; amnistiya; seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq qanunvericilik və (və ya) icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsidir. Bununla yanaşı, vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında Konstitusiya qanunlarının layihələri təqdim oluna bilməz.

Layihəni Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək təklifi ilə çıxış edən seçki hüququ olan ən azı 300 nəfər Azərbaycan Respublikasının vətəndaşı tərəfindən vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı təşəbbüs qrupu yaradılır. Təşəbbüs qrupunun yaradılmasının məqsədləri Milli Məclisin müzakirəsinə təqdim edilməsi təklif olunan layihənin dəstəklənməsi üçün imza toplanması və qanunvericilik təşəbbüsü ilə çıxış edən vətəndaşların mənafelərinin müdafiə edilməsidir. Bir təşəbbüs qrupu öz fəaliyyəti dövründə yalnız bir layihəni Milli Məclisin müzakirəsinə təqdim etmək təklifi ilə çıxış edə bilər.

Təşəbbüs qrupu onun yaradıldığı gündən bir ay ərzində təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alınması üçün ərizə ilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edir.Milli Məclisin müzakirəsinə təqdim edilməsi təklif olunan layihənin dəstəklənməsi üçün vətəndaşların imzalarının toplanması təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alındığı gündən iki ay ərzində yalnız təşəbbüs qrupunun üzvləri tərəfindən həyata keçirilir. Təşəbbüs qrupunun üzvləri Azərbaycan Respublikasının seçki hüququ olan ən azı 40 min vətəndaşının imzasını toplamalıdırlar. İmzaların toplanması ən azı 60 seçki dairəsinin ərazisini əhatə etməli və hər seçki dairəsinin ərazisindən ən azı 500 imza toplanmalıdır. Layihə təqdim olunmuş şəkildə iki ay ərzində Milli Məclisin müzakirəsinə çıxarılır və səsə qoyulur. Layihədə yalnız texniki xarakter daşıyan dəyişikliklər edilə bilər. Qanun və qərar layihələri əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri göstərilməlidir. Bununla yanaşı, vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisin müzakirəsinə təqdim olunmuş layihə yekun oxunuşda baxılana qədər təşəbbüs qrupunun iclasında üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilmiş qərar əsasında geri çağırıla bilər.

Qanunun tələblərinin pozulmasına görə qanunvericilik məsuliyyət də müəyyən edilmişdir. Belə ki, Bu Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

Əzizxan Əzizov

Hüquqşünas

Oxşar xəbərlər