"Mediasiya məhkəmə çəkişməsinə ən yaxşı alternativdir" - MÜSAHİBƏ


  • 19 Noyabr 2022 14:01

Bakı 2 saylı Mediasiya Təşkilatının mediatoru Türkər Əliyevanın e-huquq.az-a müsahibəsi:

- Türkər xanım, mediasiya nədir və mübahisələrin mediasiya yolu ilə həlli bizə nə qazandırır?

- Mediasiya mediatorun vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı qanunla müəyyən olunmuş prosesdir. Mübahisə mediasiya yolu ilə həll olunduqda, artıq məhkəməyə müraciət etməyə ehtiyac olmur. Mediasiya məhkəmə çəkişməsinə ən yaxşı alternativdir. Məhkəmədə müəyyən çəkişmələr, tərəflər arasında anlaşılmazlıq çox olur, hər bir tərəf özünü haqlı bilir. Buna görə də aralarında kin-küdurət daha da artır. Amma mediasiya prosesində onlar öz mövqelərini daha yaxşı anlayırlar, özlərindən biri kimi gördükləri mediator onlara razılaşma yollarını göstərir. Bu sayədə mübahisə daha tez və daha sakit şəkildə həll olmuş olur.



- Siz mediator olaraq tərəfləri necə razılığa gətirirsiniz? Barışığın əldə olunmasına hansı metodlarla nail olursunuz?

- Bizim işimiz elə işdir ki, gərək tərəfləri başa düşəsən, onlarla qarşılıqlı güvəni təmin edəsən. Mən də peşəmi düzgün yerinə yetirmək və tərəflər arasında barışıq əldə etmək, onları məmnun etmək üçün ilk növbədə mediasiya barədə məlumat verirəm. Daha sonra onlarla psixoloji söhbət aparır və tərəflərin etimadını qazandıqdan sonra artıq mübahisənin həlli yollarını açıqlayıram. Bu zaman çalışıram ki, mübahisənin həlli hər iki tərəf üçün uyğun olsun. Məhz bu metodlarla bir çox işlərimizdə barışıq əldə etmişik.

- Barışıq sazişi necə icra olunur və tərəflərin hansı öhdəlikləri var?

- Barışıq sazişi tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Barışıq sazişi tərəflər və mediator tərəfindən imzalanır. Barışıq sazişinin icrasını təmin etmək tərəflərin vəzifəsidir. Əgər sazişdə ayrı hal nəzərdə tutulmayıbsa, barışıq sazişi imzalandığı gündən tərəflər üçün məcburi olur. Barışıq sazişi könüllü icra edilməlidir. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Biz barışıq əldə etdiyimiz zaman bu şərtləri tərəflərə izah edirik. Əgər sazişdə bildirilən müddətdə şərtlərə əməl etməsələr, daha sonra məhkəməyə müraciət edə bilərlər.
Bu sazişdə mediator mübahisənin predmetini, tərəflərin razılaşdığı şərtləri dəqiq şəkildə göstərməli, onları tərəflərə izah etməlidir. Tərəflər də öz növbələrində, sazişi , qəbul etdikləri şərtləri oxuyub imzalamalıdırlar.



- Bəs, təcrübədə mediasiya ilə bağlı hansı problemlərlə qarşılaşırsınız?

- Bəzən tərəflərdən biri əvvəlcə gələcəyini desə də, sonradan mediasiya sessiyasında iştirak etmir. Bəziləri isə hətta zənglərimizi belə açmırlar ki, fikrimizi çatdıraq, ortaq yol tapa bilək. Bu kimi problemlərə görə barışıq əldə etmək çox çətin olur.

- Türkər xanım, mediator mediasiya prosesində konfidensiallığı necə təmin edir?

- Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, mediasiyanı qapalı şəkildə keçiririk. Tərəflərin mediasiya prosesi zamanı etiraf etdiyi məlumatların konfidensiallığı bizlər yəni mediatorlar və digər mediasiya işçiləri tərəfindən təmin olunur. Mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər tərəfindən konfidensiallıqla bağlı qaydaların pozulması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Oxşar xəbərlər