Ali Məhkəmə Konstitusiya Məhkəməsinə müraciət etdi


  • 18 Avqust 2023 15:40

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası Konstitusiya Məhkəməsinə müraciət edib.

E-huquq.az xəbər verir ki, müraciətdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci və 3-cü hissələrinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi xahiş olunub.

Həmin müraciəti təqdim edirik:

Azərbaycan Respublikası Ali Məhkəməsinin (bundan sonra - Ali Məhkəmə) Mülki kollegiyasının icraatında BXX-nin (bundan sonra - iddiaçı) "X" Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra QSC) Yyyyyyyy (bundan sonra YYY) qarşı işdən azad olunma barədə əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə mülki iş vardır.

İşin məhkəmələr tərəfindən müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçı 20.11.2013-cü il tarixdən YYY-da çilingər vəzifəsində işləmiş, YYY rəisi tərəfindən imzalanmış 16.03.2021-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsi) 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) işdən azad olunmuşdur. Əmək müqavilələrinin elektron sistemindən çıxarışda (əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi) əmək müqaviləsinə xitam verilərkən işəgötürən qismində QSC göstərilmişdir.

YYY-n Əsasnaməsindən görünür ki, "X" QSC-nin YYY tabeliyində olan struktur vahididir. YYY hüquqi şəxs deyil. Əsasnamə QSC-nin sədri tərəfindən təsdiq edilmişdir. İmişli Rayon Məhkəməsi 2021-ci il xx avqust tarixli 2(036)-xxxx/2021 nömrəli qətnaməsi ilə iddianı təmin edərkən iddiaçının əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsində işdən çıxmanın tarixini göstərmədiyinə, işəgötürənin isə bir aylıq xəbərdarlıq müddətini gözləmədən və həmin vəzifəyə yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etmədən əmək müqaviləsinə xitam verdiyinə istinad etmişdir. QSC həmin qətnamədən maraqlarına toxunulan şəxs kimi apellyasiya şikayəti vermiş, şikayətin dəlillərindən biri iddianın düzgün olmayan cavabdehə qarşı qaldırılması ilə bağlı olmuşdur. Belə ki, iş üzrə cavabdeh qismində qeyd olunmuş YYY, QSC-nin tabeliyində fəaliyyət göstərən idarə olmaqla hüquqi şəxs deyil.

Şirvan Apellyasiya Məhkəməsi 2021-ci il xx dekabr tarixli 2(106)-xxxx/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayətini təmin edib, qətnaməni ləğv, iddianı rədd edərkən gəldiyi qənaəti iddiaçının işdən azad olunması barədə əmrin əmək qanunvericiliyinin tələblərinə uyğun olması ilə əsaslandırmışdır.

İddiaçının həmin qətnamədən verdiyi kassasiya şikayəti Ali Məhkəmənin Mülki kollegiyasının 2022-ci il xx iyun tarixli 2(102)-xxxx/2022 nömrəli qərarı ilə qismən təmin edilərək, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya kollegiyasının mövqeyinə görə, işəgötürənin səlahiyyətləri nizamnamə ilə tənzimlənir və həmin səlahiyyətlər müvafiq əmrlə (sərəncam və ya qərarla) İşəgötürənin müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edilə bilər, iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi barədə 2021-ci il xx mart tarixli 1 nömrəli əmri verən YYY-n rəisinə bu cür səlahiyyətin verilməsi barədə sübut işdə yoxdur. Buna görə də kassasiya şikayətində irəli sürülmüş "əmri imzalamış şəxsin iddiaya cavab verməli olan tərəf olmaması" barədə dəlil üzrə qəti nəticəyə gəlmək mümkün deyil.

İşə yenidən baxan apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianı rədd edərkən, Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 49.1, 50.4 və 54.1-ci maddələrinə istinadla gəldiyi qənaəti belə əsaslandırmışdır ki, YYY-n Əsasnaməsinə uyğun olaraq YYY rəisinə rəis müavinləri, baş mühəndis və baş mühasib istisna olmaqla digər işçilərlə əmək müqaviləsi bağlamaq, onu dəyişdirmək və əmək müqaviləsinə xitam vermək səlahiyyəti verilmişdir. Lakin Əsasnamədə, eləcə də hər hansı əlavə əmr və sərəncamla YYY-a məhkəmələrdə iddiaçı və ya cavabdeh qismində iştirak etmək səlahiyyətinin verilməsi nəzərdə tutulmamışdır. Odur ki, hazırkı iddia əsl cavabdehə qarşı verilməmişdir.

Oxşar mübahisələr üzrə işlərə baxılarkən həmin maddələr məhkəmələr tərəfindən fərqli şəkildə təfsir olunduğundan bu normaların rəsmi şərh edilməsi üçün Ali Məhkəmənin Mülki kollegiyası tərəfindən Konstitusiya Məhkəməsinə müraciət olunması zərurəti yaranmışdır.

Bu işdə olduğu kimi məhkəmə təcrübəsində oxşar mübahisələr üzrə işlərə baxılarkən bir qayda olaraq qeyd olunan normalara istinadla hüquqi şəxsin filial və nümayəndəliklərinin, habelə tabeliyində olan digər struktur vahidlərinin öz adından məhkəmədə tərəf (iddiaçı və ya cavabdeh) ola bilməyəcəyi mövqeyi irəli sürülmüşdür.

Mülki prosessual qanunvericiliyə əsasən, hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin apanlmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fealiyyet qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur (MPM-in 48 ve 49-cu maddələri).

Göründüyü kimi, mülki-prosessual hüquq qabiliyyəti mülki prosessual hüquqların və vəzifələrin əldə olunmasını nəzərdə tutur. Bu hüquqların və vəzifələrin realizəsi üçün isə mülki-prosessual hüquq qabiliyyatli şaxslarin həm də mülki-prosessual faaliyyat qabiliyyətinə malik olmaları lazım gəlir.

Hüquqi şəxslərə münasibətdə belədir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxs həmin andan etibarən eyni zamanda həm mülki prosessual hüquq, həm də fəaliyyət qabiliyyətli hesab edilir.

Qeyd olunmalıdır ki, mülki prosessual hüquqlardan biri mülki işdə tərəf (iddiaçı və ya cavabdeh) olmaq hüququdur ki, MPM-in 50-ci maddəsində mülki iş üzrə kimlərin tərəf ola biləcəyi göstərilmişdir. Həmin maddəyə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Qanunda nəzərdə tutulan hallarda hüquqi şəxs olmayan təşkilatlar da tərəf ola bilərlər (1-ci və 4-cü bəndlər).

Mülki qanunvericiliyə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə İddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını hayata keçiran ayrıca bölməsi filial sayılır. Nümayəndəliklar və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir ve onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər.

Hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. İdarə hüquqi şexs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. İdarə ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür (Mülki Məcəllənin 43.1, 53 va 54-cü maddələri).

Göründüyü kimi, hüquqi şəxsin filial və nümayəndəlikləri, habelə tabeliyində olan digər struktur vahidləri hüquqi şəxs sayılmadığından öz adlarından məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malik deyillər. Bunun üçün həmin təşkilatların Əsasnamələrində və ya bu məqsədə xidmət edəcək hər hansı rəsmi sənədlərdə (əmr, sərəncam və s.) tabeliyində olduqları hüquqi şəxs tərəfindən onlara bu səlahiyyətin ötürülmüş olması lazımdır.

Əmək qanunvericiliyinə əsasən isə, müəssisə mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyidir (Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsi). Göründüyü kimi, hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filial və nümayəndəlikləri əmək hüquq münasibətlərinin bərabərhüquqlu subyektləri hesab edilirlər.

Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsində işəgötürənə verilən anlayışa görə, işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir.

Bununla da, qanunverici həm hüquqi şəxs olan mülkiyyətçini, həm də onun struktur bölmələrinin rəhbərlərini işəgötürən olaraq qəbul edir. Lakin filialın və ya nümayəndəliyin rəhbərinin işəgötürən kimi çıxış etməsini hüquqi şəxsin verdiyi etibarnamə ilə şərtləndirir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 va 296-ci maddələrinin şərh edilməsinə dair" 30 iyul 2021-ci il tarixli Qərarı).

Qeyd olunanlardan çıxış edən birinci yanaşmanın tərəfdarlarının mövqeyinə görə, hüquqi şəxsin filial və nümayəndəliyinin, habelə tabeliyində olan digər struktur vahidlərinin hüquqi şəxs tərəfindən ötürülmüş səlahiyyət əsasında işəgötürən qismində Əmək müqaviləsinin müstəqil tərəfi kimi çıxış etməsi, onun mülki prosessual hüquq və fəaliyyət qabiliyyətinə malik olması anlamına gəlmir və qanunda da bununla bağlı hər hansı xüsusi göstəriş yoxdur.

Belə ki, mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti məhz mülki prosessual qanunvericiliklə tənzimlənən məsələ olmaqla, yalnız hüquqi şəxslərin və qanunda birbaşa nəzərdə tutulmuş hallarda hüquqi şəxs olmayan təşkilatların məhkəmədə tərəf ola biləcəyi nəzərdə tutulmuşdur (MPM, maddə 50.1 və 50.4).

Hazırda bu istiqamətdə məhkəmə təcrübəsində fikir ayrılığına səbəb olan digər yanaşma isə ondan ibarətdir ki, hüquqi şəxsin filial və nümayəndəlikləri, habelə tabeliyində olan digər struktur vahidləri işəgötürən kimi əmək müqaviləsinin müstəqil tərəfi kimi çıxış etdikləri halda, həmin müqavilədən irəli gələn mübahisələr üzrə məhkəmədə iddiaçı və cavabdeh ola bilərlər.

Bu yanaşmanın tərəfdarları mövqelərini MPM-in 50.4-cü maddəsinə istinadla belə əsaslandırırlar ki, həmin maddəyə əsasən, qanunda nəzərdə tutulan hallarda hüquqi şəxs olmayan təşkilatlar da tərəf ola bilərlər. Qeyd olunan təşkilatlara əmək qanunvericiliyi ilə əmək hüquq münasibətlərində müstəqil subyekt kimi iştirak etmək səlahiyyətinin verilməsi, məhz həmin münasibətlərdən irəli gələn məhkəmə mübahisələrində bu maddənin tələbi baxımından "qanunda nəzərdə tutulmuş hal" kimi qiymətləndirilə bilər.

Qeyd olunan fikir ayrılığına səbəb olan hallardan biri istinad olunan normada hüquqi şəxs olmayan təşkilatlar dedikdə konkret olaraq hansı qurumların nəzərdə tutulduğunun və onların məhkəmədə tərəf ola biləcəkləri yolverilən halların nədən ibarət olmasının qanunvericilikdə aydın şəkildə ifadə olunmaması ilə bağlıdır.

Bəzi nəzəri mənbələrə görə, hüquqi şəxs olmayan təşkilatlar dedikdə, müxtəlif səbəblərdən öz hüquq və mənafelərini sərbəst surətdə müdafiə edə bilməyən ayrı-ayrı kateqoriyadan olan fiziki şəxslərin maraqlarını müdafiə etmək səlahiyyəti olan, lakin hüquqi şəxs statusu olmayan qurumlar (qəyyumluq və himayə orqanları, yetkinlik yaşına çatmayanların işəri və hüquqlarının müdafiəsi üzrə komissiyalar və s.) başa düşülməlidir (Mülki Prosessual Məcəllənin Kommentariyası, I bölmə, Ə.H.Hüseynov, B.C.Kərimli).

Digər mənbəyə görə, ümumi hüquq münasibətlərindən irəli gələn mübahisələrdə cavabdeh hüquqi şəxs statusuna malik olmaya da bilər ki, bunlar kollektiv birləşmələrdir. Məsələn, kollektiv əmək mübahisəsinin bir tərəfi hüquqi şəxs deyil (Mülki prosessual hüquq, Dərslik, M. Mövsümov).

Göstərilənləri nəzərə alaraq, sözügedən mübahisələrin düzgün həlli üçün yuxarıda qeyd edilən normaların tətbiqi ilə bağlı:

- MPM-in 50.4-cü maddəsində hüquqi şəxs olmayan təşkilatlar dedikdə kimlərin nəzərdə tutulduğu;

- Hüquqi şəxsin əmək hüquq münasibətlərində öz adından müstəqil subyekti kimi çıxış edən filial və nümayəndəliklərinin, habelə tabeliyində olan digər struktur vahidlərinin həmin münasibətlərdən irəli gələn məhkəmə mübahisələrində öz adından tərəf ola bilməsinin mümkünlüyü;

- Qeyd olunan halın MPM-in 50.4-cü maddəsinin mənası baxımından qanunda nəzərdə tutulmuş hallara aid edilib-edilməməsinin mümkünlüyü məsələlərinə aydınlıq gətirilməsi məqsədəuyğun olardı.

Yuxarıda göstərilənlərə əsasən və Konstitusiyanın 130-cu maddəsinin VI hissəsini, "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsini və Mülki Prosessual Məcəllənin 13.6-cı maddəsini rəhbər tutaraq xahiş ediirk ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci və 3-cü hissələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 va 50.4- cü maddələri əlaqəli şəkildə şərh olunsun".

Oxşar xəbərlər