- 5 İyun 21:59
İnzibati məhkəmə icraatı qaydasında inzibati aktlarla yanaşı, eyni zamanda inzibati orqanların faktiki xarakterli hərəkətləri mübahisə predmeti ola bilər. Qanunvericiliyə əsasən inzibati orqanların publik hüquq sahəsindəki fəaliyyəti iki formada təzahür edir. Bunlardan biri inzibati aktın qəbul edilməsi, digəri isə inzibati orqanın faktiki xarakterli fəaliyyətidir (hərəkətidir).
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu inzibati orqanlar tərəfindən inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı fəaliyyətin hüquqi əsaslarını və prinsiplərini müəyyən edir. Eyni zamanda həmin Qanun inzibati orqanlar tərəfindən qəbul edilmiş inzibati aktları və faktiki xarakterli hərəkətləri tənzimləyir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda istifadə olunmuş əsas anlayışların mənaları göstərilmişdir. Qanunvericiliyə nəzər yetirildikdə müəyyən olunur ki, inzibati aktla inzibati orqanların faktiki xarakterli hərəkətləri fərqli anlayışlardır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göstərilən maddəni təhlil edərkən inzibati aktı səciyyələndirən əlamətlər inzibati orqan tərəfindən qəbul edilməli, ümumi publik hüquq sahəsinə aid olan müəyyən konkret məsələni nizama salmalı, ünvanlandığı şəxsə münasibətdə hüquqi nəticə yaratmalı və hakimiyyət tədbiri olmalıdır.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu inzibati orqanlar tərəfindən tək inzibati aktın qəbul edilməsi ilə bağlı məsələləri deyil, həmçinin Qanunun 1.2-ci maddəsində nəzərdə tutulmuş faktiki xarakterli digər hərəkətləri ilə bağlı fəaliyyəti də tənzimləyir.
Göründüyü kimi, hər ikisi, yəni inzibati akt kimi hakimiyyət tədbiri də, faktiki xarakterli hərəkət də inzibati orqan tərəfindən hərəkətdə ifadə olunan tədbiridir. Lakin qanunvericilik inzibati orqanın bir hərəkətini konkret olaraq müəyyən hüquqi nəticə yaradan hakimiyyət tədbiri (inzibati akt) kimi müəyyən etdiyi halda, digərini isə yalnız inzibati orqanın hərəkəti (faktiki xarakterli) kimi müəyyən etmişdir.
Beləliklə, hər iki anlayışın fərqli olduğu, inzibati akt kimi hakimiyyət tədbirinin heç də faktiki xarakterli hərəkətlə eyni olmadığı müəyyən olunur. Belə ki, inzibati icraat haqqında qanunvericilikdə, həmin anlayışların müxtəlif maddələrdə, müxtəlif formalarda qeyd olunduğu aydın müəyyən olunur. Lakin qanunvericilikdə konkret olaraq onları ayıran hər hansı meyar nəzərdə tutulmamışdır. Bu baxımdan da hazırkı məhkəmə təcrübəsi düzgün olaraq inzibati orqanların bütün hərəkətlərini onların faktiki xarakterli fəaliyyəti kimi nəzərə alaraq, həmin iddialara öhdəliyin icrası iddia növündə baxılması kimi formalaşmışdır.
İnzibati akt kimi digər növ hakimiyyət tədbirinin inzibati orqanın faktiki xarakterli hərəkətlərindən fərqli olmasının başlıca xüsusiyyəti ondan ibarətdir ki, inzibati orqan hakimiyyət tədbiri kimi müəyyən hərəkətlə vətəndaşların başlıca olaraq fundamental hüquqlarına təsir etməklə yanaşı, konkret hüquqi nəticələr yaradır. Hər hansı hakimiyyət tədbiri (inzibati akt) bütün hallarda ünvanlandığı şəxsin fundamental hüquqlarına, yəni ən azı, bilavasitə Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquqlarına təsir edir. Məsələn, hər hansı publik reyestrdə qeydiyyatın aparılması və ya həmin qeyddə dəyişikliyin edilməsini göstərmək olar. Buna dair əsas nümunə kimi, mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydi göstərmək olar.
Göründüyü kimi, bu halda inzibati orqanın konkret hərəkəti nəticəsində (reyestrdə qeydiyyatı aparmaqla) vətəndaşın fundamental (konstitusion) hüququ olan, mülkiyyət hüququ yaranmış olur. Bu zaman inzibati orqan reyestrdə daşınmaz əmlaka dair konkret hakimiyyət tədbiri görməklə, qeyd hərəkətini icra edir. Eyni proses zamanı isə daşınmaz əmlaka dair hüquqlar qeydə alınarkən faktiki xarakterli hərəkətdə ifadə olunan daşınmaz əmlakın texniki göstəricilərini müəyyən edən texniki sənədi (texniki pasport və ya plan-ölçü) də tərtib edir. Beləliklə, inzibati orqanın eyni məqsədlə həyata keçirdiyi funksiyaların icrasında 2 hərəkəti müəyyən olunur. Birincisi, konstitusion hüququn həyata keçirilməsində ifadə olunan hakimiyyət tədbiri (inzibati akt) olaraq reyestrdə qeydiyyatın aparılması və ya qeydin ləğvi (dəyişdirilməsi), digəri isə eynilə həmin funksiyanın tamamlanması ilə bağlı olaraq daha az əhəmiyyətli olan daşınmaz əmlakın texniki göstəricilərini əks etdirən sənədin tərtib edilməsində ifadə olunan faktiki xarakterli hərəkətidir. Göründüyü kimi, yuxarıda göstərilən mülkiyyət hüquqlarının qeydə alınmasında ifadə olunan hərəkətlər (hakimiyyət tədbiri) isə fundamental (əsas) hüquqlara aid edilməklə, vətəndaşın bilavasitə konstitusiyada göstərilən mülkiyyət hüququnun yaranması ilə nəticələnir. Digəri isə, yəni texniki pasportun tərtib edilməsi, fundamental (əsas) olmayan daha az əhəmiyyətli hüquqların həyata keçirilməsi ilə bağlı fəaliyyətdir.
İnzibati Prosessual Məcəllənin 2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında mübahisələrə müvafiq iddia növləri üzrə baxılır. Həmin Məcəlləyə əsasən inzibati mübahisələrə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) və s. iddia növləri üzrə baxılır.
Qeyd edilənlərə əsasən, daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının qeydə alınmasında ifadə olunan hərəkətlər (hakimiyyət tədbiri) inzibati akt kimi qiymətləndirildiyindən aparılmış qeydin ləğvi və ya dəyişdirilməsi ilə bağlı mübahisələrə mübahisələndirmə, qeydin aparılmasından imtinaya dair mübahisələrə isə məcburetmə iddia növü kimi yanaşılması məqsədəuyğundur.
Eyni zamanda analoji hala dair digər inzibati orqanların fəaliyyəti ilə bağlı hakimiyyət tədbiri (inzibati akt) kimi qeydiyyat orqanları tərəfindən doğum akt qeydinin aparılması, vergi orqanı tərəfindən vergi ödəyicisinin ƏDV reyestrinə əlavə edilməsində ifadə olunan hərəkətləri və s. qeyd etmək olar.
İnzibati orqanlar faktiki xarakterli hərəkətləri ilə, o qədər də mahiyyəti olmayan müəyyən hüquqların həyata keçirilməsinə və ya məhdudlaşmasına səbəb olur ki, hansı ki, bu o qədər də fundamental (konstitusion) hüquqlara təsir etmir. Faktiki xarakterli hərəkətlər inzibati orqanın inzibati akt olmayan bütün digər hakimiyyət hərəkətlərini (tədbirlərini) əhatə edir. Belə ki, inzibati orqanlar təkcə inzibati aktlar qəbul etmirlər. Onlar həm də “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada “yalnız” faktiki xarakterli hərəkətlər də edə bilərlər.
Məsələn, yol idarəsinin yolda təmir işlərindən irəli gələrək yolun nəzərdə tutulmuş standartlardan daha artıq məhdudlaşdırması, inzibati orqanın müəyyən məlumatları təkzib etməsi və ya inzibati orqan tərəfindən dövlət qulluqçusuna dövlət məvacibinin bu və ya digər səbəbdən irəli gələrək az ödənilməsi (hesablanması) ilə bağlı hərəkətlərini inzibati orqanın faktiki xarakterli hərəkətlərinə aid etmək olar. Gördündüyü kimi, həmin məhdudlaşma və göstərilən digər tədbirlər o, qədər də fundamental olmayan konstitusion hüquqlara təsir etməyən nəticədir. Bu kimi, hallarda mübahisələrə mübahisələndirmə və ya məcburetmə haqqında iddialar deyil, müəyyən etmə və ya öhdəliyin icrası haqqında, yaxud müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia növünə uyğun baxılması məqsədəuyğundur.
Həmçinin, Anya Köniqsmanın “Azərbaycanda inzibati məhkəmə icraatı” adlı kitabında da mövqe eyni olaraq yuxarıda əks olunduğu kimi göstərilmişdir.
Qeyd edilənlərə əsasən belə qənaət yaranır ki, inzibati orqanın publik hüquq sahəsində həyata keçirdiyi hər bir hərəkətin inzibati akt və ya faktiki xarakterli hərəkət olması inzibati icraat haqqında qanunvericilikdə dəqiqliklə təsbit edilməmişdir. Odur ki, inzibati icraat haqqında qanunvericiliyə hər iki hərəkətin hansının inzibati akt olması, hansının isə faktiki xarakterli hərəkət olması ilə bağlı dəyişiklik və əlavələrin edilməsi məqsədəuyğundur. Bu zaman inzibati məhkəmə icaatı daha əvvəllər yaranmış digər ölkələrin (Almaniya, Türkiyə, Qazaxıstan və s.) təcrübəsinin nəzərə alınması daha səmərəli olacaqdır.
Elvin Əliyev
Bakı İnzibati Məhkəməsinin hakimi