Koronavirusa yoluxduğuna görə işə gedə bilməyən şəxslərin maaşı necə ödənilməlidir?


  • 9 Dekabr 2020 12:50

Məlum olduğu kimi, COVID-19 testinin nəticəsi müsbət çıxmış şəxslərin evdən çıxmasına məhdudiyyət qoyulur. Belə olduqda, sağalanadək həmin vətəndaşların iş fəaliyyətinə də fasilə verilir. Bəs koronavirusa yoluxduğuna görə işə gedə bilməyən şəxslərin maaşları necə ödənilir?

Ekspert Aytac Qurbanova mövzunu e-huquq.az-a şərh edib.

O bildirib ki, koronavirusa yoluxan işçinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi sosial sığorta hadisəsi hesab olunur və əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericilikdə müəyyən olunmuş dövr üçün) sosial sığorta üzrə ödəmələrin bir növüdür. “Buna görə müavinət almaq hüququ ən azı altı ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ilk 14 təqvim günü üçün işəgötürənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir”.

A.Qurbanova qeyd edib ki, müavinət məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. Müavinətin ümumi məbləği isə gündəlik müavinətin məbləğinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayına vurulması yolu ilə tapılır.

Ekspert əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin verilmədiyi halları da diqqətə çatdırıb:

- altı ay sosial sığorta stajı olmayan şəxslərə;

- əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı şəxsin məcburi dövlət sosial sığorta haqqı hesablanmayan əmək fəaliyyəti dövründə baş vermişdirsə;

- işdən və ya başqa vəzifədən boyun qaçırmaq məqsədi ilə sığortaolunan qəsdən öz sağlamlığına zərər vurduqda və yaxud özünü yalandan xəstə kimi qələmə verdikdə;

- törətdikləri cinayət zamanı aldıqları zədə nəticəsində əmək qabiliyyətini müvəqqəti itirdikdə;

- məhkəmənin qərarı ilə məcburi müalicə zamanı (ruhi xəstələrdən başqa).

A.Qurbanova sonda qeyd edib ki, hər bir vətəndaş onu işə götürəndən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq özünün məcburi dövlət sosial sığortası üzrə sığortalanmasını tələb etməlidir.

Sevgül Qasımzadə

Oxşar xəbərlər