Mediasiya Şurasında mediatorlarla görüş keçirildi


  • 23 Noyabr 2021 21:12

Mediasiya Şurasında mediatorlarla görüş keçirilib.

E-huquq.az-ın məlumatına görə, görüşdə mediatorlar arasında işlərin ədalətli bölgüsü, meydana çıxan problemlər və onların çevik həlli məsələləri müzakirə olunub.

Mediasiya Şurasının sədri Nadir Adilov çıxış edərək iş bölgüsü sahəsində vətəndaş məmnunluğunun artırılması məsələlərinin önəmli olduğunu qeyd edib. O bildirib ki, hazırda mediatorların ictimai qiymətləndirilməsi həyata keçirilir (iştirak üçün keçid: http://mediasiya.gov.az/faydali/sorgular).

Bununla da vətəndaş və mediator arasında olan münasibətlər vətəndaşların iştirakı ilə qiymətləndirilir və nəticələr öyrənilir. İşində pozuntuya yol verən mediatorlar barədə müvafiq ölçü götürülür.

N.Adilov deyib ki, tam mediasiya sessiyalarının vətəndaşların hüquq və maraqları çərçivəsində keyfiyyətli keçirilməsinə böyük ehtiyac var. O eyni zamanda kommersiya, ailə və əmək mübahisələrinin həll edilməsi sahəsində də mediatorlara bölünən işlərlə bağlı olan problemləri mediatorların diqqətinə çatdırıb.

Sədr vurğulayıb ki, ölkədə mediasiya islahatlarının aparılması sahəsində mediatorların üzərinə böyük bir məsuliyyət düşür və məsuliyyətin öhdəsindən birlikdə gəlmək lazımdır.

N.Adilov Vəkillər Kollegiyasının sədri Anar Bağırov və Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyevlə bank sektorunda mediasiya problemlərinə həsr edilmiş görüş barədə də ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, banklar və mediatorlar arasında olan məsələlərin çevik həlli məqsədi ilə Zakir Nuriyev və Nadir Adilovun birgə qərarı əsasında Bank Ombudsmanının məsul katibi, mediator Elçin Həsənov Mediasiya Şurası və Azərbaycan Banklar Assosiasiyası arasında əlaqələndirməni həyata keçirən məsul şəxs təyin edilib.

Daha sonra Mediasiya Şurasının İntizam Komissiyasının sədri Sima Yaqubova çıxış edərək bildirib ki, bu günədək olan pozuntularla bağlı bir mediatora töhmət verilib, 15-dən çox mediator barədə isə intizam icrraatı başlanılıb.Bir neçə mediator İntizam Komissiyasına dəvət edilərək izahatları alınıb və mediatorların yol verdikləri pozuntularla bağlı araşdırma aparmaq üçün İntizam Komissiyası tərəfindən müvafiq işlər görülüb.

S.Yaqubova eyni zamanda qeyd edib ki, bir mediatorla bağlı olan şikayət əsassız olduğu üçün həmin mediator barədə başlanmış intizam icraatında mediatorun pozuntuya yol vermədiyi və qanunvericliliyin tələblərinə əməl edildiyi məlum olub.

Sonra çıxış edən mediatorlar mediasiya islahatları sahəsində olan mövcud problemlərə toxunub və onların həlli yolunda təkliflərini veriblər. Eyni zamanda mediatorlar arasında qurulan kommunikasiyanı yüksək qiymətləndirib və aparılan işlərdə üzərlərinə düşən məsuliyyəti layiqincə həyata keçirəcklərini qeyd ediblər.

Oxşar xəbərlər