Bakı Apellyasiya Məhkəməsində təcrübəyə zidd qərarların təhlili məqsədilə işçi qrupu yaradılıb


  • 13 May 2022 13:02

Bakı Apellyasiya Məhkəməsində mövcud təcrübəyə zidd qərarların təhlil edilməsi məqsədilə işçi qrupu yaradılıb.

Bu barədə e-huquq.az-a müsahibəsində Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov deyib.

Sədr qeyd edib ki, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, habelə sistemli xarakter daşıyan nöqsanların aradan qaldırılması məqsədilə qanunvericiliyə mühüm dəyişikliklər edilib.

"Ölkə başçısının 3 aprel 2019-cu il tarixli Fərmanında qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə ötən dövr ərzində yuxarıda qeyd etdiyim müvafiq tədbirlər həyata keçirilmiş, o cümlədən qanunvericilikdə məhkəmə icraatının həyata keçirilməsi qaydalarının daha da təkmilləşdirilməsinə yönəlmiş geniş həcmli əlavə və dəyişikliklər edilib. Qeyd edilən tədbirlər çərçivəsində məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsinin icra olunması mexanizmləri təsbit olunub. Eyni zamanda vahid məhkəmə təcrübəsinin formalaşdırılması, habelə sistemli xarakter daşıyan nöqsanların aradan qaldırılması məqsədilə qanunvericiliyə mühüm dəyişikliklər edilib. Bu sahədə Ali Məhkəmə tərəfindən monitorinqlərin aparılmasına dair Qaydaların təsdiq olunması məhkəmə səhvlərinin aradan qaldırılmasında mühüm rol oynayıb.

Ali Məhkəmə Plenumunun qərarları vasitəsilə məhkəmələrin hüquq tətbiqetmə təcrübəsi vahid məxrəcə gətirilir, ayrı-ayrı sahələrdə hüquqi tənzimləmədəki boşluqlar və ya qeyri-müəyyənliklər aradan qaldırılır. Kassasiya məhkəməsinin kollegiyaları tərəfindən mütəmadi olaraq məhkəmə təcrübəsinin vahidliyini təmin edən qərardadlar qəbul olunur. Həmin qərardadlarda söhbət qanunvericiliyin müddəalarının, hüquqi məsələlərin vahid tətbiqindən gedir. Lakin ayrı-ayrı işlər üzrə tərəflər arasında münasibətlərin xarakteri və işin halları zahirən oxşar görünsə də, hər bir işə fərdi yanaşılmalı və bu nəticəyə uyğun qərarlar qəbul edilməlidir. Bunula belə razıyam ki, bəzi hallarda eyni situativ xarakterli işlər üzrə müxtəlif səpkili qərarlar qəbul edilir. Hesab edirəm ki, formalaşmış praktikaya zidd qərarlar barədə aşağı məhkəmələr yuxarı instansiya məhkəmələrin diqqətini cəlb etməlidirlər", - deyə M. Əkbərov bildirib.

Oxşar xəbərlər