Cinayət törədən şəxs hansı hallarda həbs edilə bilməz?


  • 6 Dekabr 2021 15:20

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsi müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etməni nəzərdə tutur.

Belə ki, müddətlər cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə və ya şəxsin barəsində axtarış elan edilibsə, cinayət işi üzrə icraat dayandırılıbsa, müddət axımı dayanır.

Cinayət təqibi üzrə icraatın dayandırılması əsasları hansılardır?

- təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadıqda;

- təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin olduğu yer müəyyən olunmadıqda;

- təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs istintaqdan və ya məhkəmədən gizləndikdə;

- təqsirləndirilən şəxsin ağır xəstəliyi və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda olması ilə əlaqədar cinayət prosesində iştirakı müvəqqəti mümkün olmadıqda;

- cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqib olunan şəxsin toxunulmazlıq hüququndan məhrum edilməsi və ya xarici dövlət tərəfindən verilməsi məsələsi qanunla müəyyən olunmuş qaydada qoyulduqda;

- insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edildikdə. [57]

- məhkəmə qərarlarının icra edilməməsi ilə əlaqədar cinayət təqibi zamanı mülki-prosessual qanunvericiliyə uyğun olaraq qərarın icrası məhkəmə tərəfindən dayandırıldıqda. [58]

- Cinayət təqibi üzrə icraat dayandırıldıqda cinayət işi üzrə icraat, məhkəməyədək sadələşdirilmiş icraat və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat da dayandırılır.

- Cinayət təqibi üzrə icraat aşağıdakılara riayət edilməklə dayandırıla bilər:

- böyük ictimai təhlükə törətməyən cinayətlərə dair işlər üzrə cinayət işinin başlanılmasından 1 (bir) ay, az ağır, ağır və xüsusilə ağır cinayətlərə dair işlər üzrə cinayət işinin başlanılmasından 2 (iki) ay keçdikdə; [59]

- yalnız təqsirləndirilən şəxs haqqında axtarış elan edildikdən sonra;

- təqsirləndirilən şəxsin axtarışının elan edilməsi ilə eyni vaxtda;

- cinayət təqibinin dayandırılmasına əsas verən, müvafiq olaraq stasionar tibb müəssisəsinin şəxsin ağır xəstəliyini təsdiq edən tibbi rəyi, şəxsin Azərbaycan Respublikasının hüdudlarından kənarda olmasını təsdiq edən təhqiqat orqanının arayışı, şəxsin toxunulmazlıq hüququndan məhrum edilməsi barədə Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı və ya Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edilməsinə dair məhkəmənin qərarı olduqda.

- qərarın icrasının dayandırılması haqqında məhkəmənin qərarı olduqda.

- Cinayət təqibi üzrə iki və daha artıq təqsirləndirilən şəxs olarsa və icraatın dayandırılması əsasları onların hamısına aid deyilsə, müstəntiq, prokuror və ya məhkəmə bütün təqsirləndirilən şəxslərin iştirakı olmadan icraata obyektiv baxılması mümkün olmadıqda, icraatın bir hissəsini ayrıca icraata ayırmağa və onu dayandırmağa və ya bütün icraatı dayandırmağa haqlıdır.

- Cinayət təqibi üzrə icraat dayandırılanadək cinayət prosesini həyata keçirən orqan təqsirləndirilən şəxs olmadan həyata keçirilməsi mümkün olan bütün prosessual hərəkətləri yerinə yetirməli, müstəntiq isə bundan əlavə, cinayət törətmiş şəxsin müəyyən edilməsi və tapılması üçün bütün tədbirləri görməlidir.

- İcraatın dayandırılmasına əsas verən səbəblər aradan qalxanadək cinayət təqibi üzrə icraat dayandırılmış qalır. Bu səbəblər aradan qalxdıqdan sonra prokurorun, müstəntiqin və ya məhkəmənin qərarı ilə cinayət təqibi üzrə icraat təzələnir.

- Təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin istintaqdan və ya məhkəmədən gizlənməsi, ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulan cinayətin törədilməsi, habelə sülh və insanlıq əleyhinə və müharibə cinayətləri törədilməsi halları istisna edilməklə, cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi ilə əlaqədar cinayət törətmiş şəxslərin müəyyən edildiyi cinayət təqibi üzrə dayandırılmış icraata xitam verilir.

Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulan cinayəti törətmiş şəxs barəsində müddətin tətbiq olunması məsələsi məhkəmə tərəfindən həll edilir. Məhkəmə, müddətin keçməsi ilə bağlı bu şəxsin cinayət məsuliyyətindən azad olunmasını mümkün hesab etmədikdə, həmin şəxsə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edə bilməz. Sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətmiş şəxslərə bu maddənin müddəaları tətbiq olunmur.

Cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz:

- böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə;

- az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə;

- ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə;

- xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə.

Qulam İsmayılzadə

Vəkil

Oxşar xəbərlər