Xaricdə bağlanmış nikahın Azərbaycanda tanınması və xitamı necə həyata keçirilir?


  • 2 Mart 2023 15:01

Azərbaycan Respublikası vətəndaşların ölkə hüdudlarından kənarda bağladıqları nikahın tanınmasına qanunla yol verir. Məhz Azərbaycan Respublikasından kənarda bağlanmış nikahın tanınması probleminin kollizion tənzimlənməsini Ailə Məcəlləsinin 148-ci maddəsi həyata keçirir.

Xaricdə bağlanmış nikaha bir neçə halda rast gələ bilərik.

İlk növbədə, başqa dövlətin ərazisində yaşayan Azərbaycan Respublikasının vətəndaşları öz aralarında nikah bağlaya bilərlər. Bu halda, nikah onu qeydə alan xarici dövlətin qanunvericiliyinə əməl olunmaqla bağlanır və "nikahın bağladığı yerin qanunu", yəni "lex loci celebrations" kollizion prinsipindən istifadə olunur. Məsələn, İsraildə yaşayan iki Azərbaycan Respublikası vətəndaşının bağladığı nikah dini nikah olacaqdır, ona görə ki, İsraildə yalnız dini nikah forması tanınır. Buna baxmayaraq, nikah həmin dövlətin qanunvericiliyinə əməl olunmaqla bağlandığı üçün azərbaycan Respublikası tərəfindən etibarlı hesab olunur.

İkincisi, Azərbaycan Respublikasının vətəndaşı xarici dövlətin ərazisində əcnəbi və ya vətəndaşlığı olmayan şəxslə nikah bağlaya bilər. Bu zaman nikahın qeydə alındığı xarici dövlətin qanunvericiliyinin nikah bağlamağın maddi şərtləri barədə göstərişinə əməl olunmalıdır. Xarici dövlətlərin qanunvericiliyi isə bir qayda olaraq göstərir ki, nikah bağlamağın maddi şərtləri nikah bağlayan şəxslərin vətəndaşı olduğu ölkənin qanunu, yəni "lex patriae" ilə müəyyən edilir.

Üçüncüsü isə, Azərbaycan Respublikasından kənarda əcnəbilər arasında onların ölkəsinin qanunvericiliyinə əməl etməklə nikah bağlanır. Belə nikah xaricilər tərəfindən, göstərildiyi kimi həmin ölkənin qanunvericiliyinin tələblərinə uyğun olaraq bağlamışsa, Azərbaycan Respublikasında tanınır. Yəni, burada diqqətə çatdırılan əsas məsələ ondan ibarətdir ki, nikahın bağlandığı xarici dövlətin qanunvericiliyinə əməl edilsin.

Bəs hansı hallarda xarici dövlətin ərazisində bağlanmış nikah etibarsız hesab edilir?

Ümumiyyətlə, xarici dövlətdə bağlanmış nikahın Azərbaycan Respublikası tərəfindən etibarlı sayılması üçün nikahın bağlanmasına mane olan hallar olmamalıdır.Həmin hallar Ailə Məcəlləsinin 12-ci maddəsində öz əksini tapmışdır. Nəzərə çatdırmaq lazımdır ki, yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey qardaş və bacılar), övladlığa götürənlər və övladlığa götürülənlər, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər, ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında nikahın bağlanmasına yol verilmir.

Azərbaycan hüdudlarından kənarda bağlanmış nikaha hansı formada xitam verilir?

Xarici dövlətin ərazisində bağlanmış Azərbaycan Respublikasının vətəndaşları arasındakı nikahın və Azərbaycan Respublikası vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında bağlanmış nikahın pozulması məsələsinin kollizion tənzimlənməsi isə Ailə Məcəlləsinin 150-ci maddəsi ilə müəyyənləşdirilmişdir. Həmin kollizion normaya görə, bu nikahın pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilir. Bu məsələnin tənzimlənməsində Minsk Konvensiyasının 28-ci maddəsi də "vətəndaşlıq qanunu" prinsipini müəyyən edir və Azərbaycan Respublikası da bu konvensiyada iştirak edir. Maddədə qeyd edilir ki, nikahın pozulması barədə işlərə ərizə verildiyi anda ər- arvadın vətəndaşı olduğu ölkənin qanunvericiliyi tətbiq edilir.

Qanun xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarına hüquq verir ki, onlar xaricdə yaşayan əri (arvadı) ilə bağladığı nikahı onun vətəndaşlığından asılı olmayaraq Azərbaycan Respublikasının məhkəmələrində pozsun. Məhkəmə belə halda Azərbaycan Respublikasının ailə qanunvericiliyini tətbiq edir. Deməli, burada "məhkəmənin mənsub olduğu ölkənin qanunu", yəni "lex fori" prinsipi ifadə olunmuşdur.

Xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları nikahı Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluq idarələrində poza bilərlər. Onlar bu hüquqdan yalnız o halda istifadə edə bilərlər ki, nikahın məhz qeydiyyat orqanında pozulmasına Azərbaycan Respublikasının ailə qanunvericiliyi ilə yol verilsin. Qeydiyyat orqanında nikaha xitam verilməsi halları Ailə Məcəlləsinin 17-ci maddəsində sadalanır. Belə hallarda onların Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə və ya konsulluq idarələrinə müraciət etmələri kifayətdir.

Aysun Zeynalova

"Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosunun təcrübəçisi

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 4-cü kurs tələbəsi

Oxşar xəbərlər