Mediasiya haqqında formalaşan 5 yanlış fikir


  • 19 İyul 2023 13:36

“Gəlmişik boşanmağa, dedilər mediasiyaya müraciət etməliyik, ikimiz də ayrılmağa razıyıq, bizi boşayın, çıxaq gedək...”

Bu, mediasiya institutu haqqında yanlış formalaşmış fikirlərdən biridir. Mediasiya nikahın pozulmasını, sadə desək, boşanmanı həyata keçirən qurum deyil. Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. Bunun üçün hər iki tərəf qeydiyyat orqanına (ZAQS) ərizə ilə birgə müraciət edərək, nikahın pozulmasına nail ola bilərlər. Bu halda mediasiyaya müraciət etməyə ehtiyac yoxdur.

Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda isə nikah məhkəmə qaydasında pozulur. Yaxud da ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir.

Bu halda qanunvericiliyin tələbinə görə əvvəlcə mediasiyaya müraciət edilməlidir. Qeyd etdiyimiz kimi, mediasiya heç bir halda nikahın pozulmasını həyata keçirmir. Sadəcə mediasiyada tərəflər arasında olan mübahisələri məhkəmədənkənar - tərəflərin iradəsi ilə razılaşdıqları formada, həmçinin digərlərinin hüququnu pozmadan, xüsusilə uşaqların mənafeyi nəzərə alınmaqla həll edə bilərlər. Belə ki, əgər tərəflər nikahın pozulmasına hər ikisi razıdırlarsa könüllü qaydada mediasiyaya müraciət edə bilərlər. Bu halda mediasiya prosesində nikahın davam etdirilməsi ilə bağlı razılıq əldə edilmirsə, ailə münasibətlərindən yaranan digər mübahisələr, xüsusilə uşaqların nikahın pozulmasından sonra hansı valideynin yanında qalması, hansı valideyndən nə qədər aliment tutulması, həmçinin unsiyyət hüququ, uşağın valideynlərdən biri ilə ölkədən çıxması, əmlak bölgüsü və s. məsələlərlə bağlı mediatorun iştirakı ilə müzakirələr apararaq, ortaq məxrəcə gəlməklə Barışıq Sazişi imzalaya bilərlər. Bu halda Barışıq Sazişində nikahın davam etdirilməsi ilə bağlı razılıq əldə edilmədiyi qeyd edilir və digər mübahisələrin mübahisələrin (aliment, əmlak, uşağln kiminlə qalması və s.) həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri qeyd edilir.

“Biz boşanırıq, nə Barışıq Sazişi?”

Belə vəziyyətdə mediasiya haqqında yanlış anlaşılan nüanslardan biri də bu sənədin adı ilə bağlıdır. Qeyd etdiyimiz kimi, tərəflər mediasiyada nikahın davam etdirilməsi ilə bağlı razılıq əldə etməsələr də, digər məsələlərdə qarşılıqlı razılaşa bilərlər. Mediasiyada razılaşmanı əks etdirən sənədin adı isə “Barışıq Sazişi”dir. Yəni, tərəflər nikahı pozmağa razılaşdıqları və digər mübahisələrin həlli istiqamətində qəbul etdikləri şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətlərin qeyd edildiyi sənədin adı Barışıq Sazişi olacaq. Başqa sözlə, ərlə arvad arasında Barışıq Sazişi imzalanması, onların barışması kimi anlaşılmamalıdır.

“Bizim işimizi nə vaxt məhkəməyə göndərisiniz?”

Nikahın pozulması ilə bağlı birbaşa məhkəməyə müraciət edən şəxslərə izah edilir ki, ilkin olaraq mediasiyaya müraciət edilməli, daha sonra iş məhkəməyə gəlməlidir. Bəlkə edilən izah kifayət qədər dolğun olmadığından, yaxud da vətəndaşın düzgün anlamaması səbəbindən yanlış təsəvvür formalaşır ki, sanki mediasiyaya müraciət etdikdən sonra mediator işi məhkəməyə göndərəcək. Bir çox hallarda hətta mediatorla mübahisə də edirlər ki, niyə bizim işimizi məhkəməyə göndərmirsiniz? Yaxud da narazılıq edirlər ki, sənəd vermisinizsə, iddia ərizəsini də yazmağa kömək edin.

Qanunvericiliyin tələbinə görə, mediator mediasiya prosesinin sonunda tərəf(lər)ə işin yekunu ilə bağlı müvafiq sənədlərdən (İMS-də iştirak edilməməsi barədə Arayış, İMS-dən sonra prosesin davam etdirilməməsi barədə Arayış, Barışıq Sazişi, Xitam protokolu) birini təqdim edir. Bundan sonra məhkəməyə müraciət etmək tərəf(lər)in hüququdur və proseduru ya özü, ya da vəkili, nümayəndəsi vasitəsilə həyata keçirə bilər. Mediasiya prosesi tərəflərinə mediator tərəfindən hüquqi xidmət xidmət göstərməsini isə qanun qadağan edir.

“Niyə qarşı tərəfin mediasiyada iştirakını təmin etmirsiniz, gəlsin burada cavab versin...”

Mediasiya könüllü prosesdir və mediator tərəflərlə telefon və s. rabitə vasitəsilə əlaqə saxlayaraq mediasiyanın mahiyyəti barədə məlumat verir, İMS-nin vaxtını müəyyənləşdirir, mediasiyada iştirakın problem(lər)in həlli ilə bağlı müsbət nəticə verəcəyini izah edir və onlara İMS-nin yeri və vaxtı barədə bildiriş göndərir. Bir çox hallarda İMS-dən bir gün əvvəl, İMS-yə bir neçə saat qalmış yenidən əlaqə saxlayaraq tarixi, saatı və yeri onlara xatırladır. Ancaq mediator heç bir halda tərəfi məcburi qaydada İMS-də iştiraka cəlb edə bilməz və tərəfin İMS-də iştirak etməməsinə görə də qanunvericilikdə məsuliyyət nəzərdə tutulmayıb.

“Hər şeyi danışdıq, indi deyin, kim haqlıdır?”

Mediasiya prosesində tərəflərin haqlı olub-olmaması ilə bağlı qərar qəbul edilmir və mediatorun belə bir qərar verməsi, yaxud bununla bağlı şifahi şəkildə belə tərfələrə öz rəyini bildirməsi yolverilməzdir...

Rəşad Əliyev

Bakı 20 saylı Vəkil Bürosunun vəkili

Bakı 2 saylı Mediasiya Təşkilatının mediatoru

Telefon: 055-832-85-00, 012-449-62-08; 012-449-91-11

Email: rashadhuquqshunas@gmail.com

Oxşar xəbərlər