Bir nikah prinsipi Azərbaycan cəmiyyətinin reallığına cavab verirmi?


  • 12:19

Azərbaycan Respublikasının Ailə Məcəlləsi ailə münasibətlərini monoqam nikah modeli üzərində qurur və dövlət yalnız bir rəsmi nikahı tanıyır.

Bu yanaşma uzun illərdir dəyişməz hüquqi aksioma kimi qəbul edilir. Lakin hüquq yalnız normativ model yaratmaq üçün deyil, cəmiyyətdə mövcud olan münasibətləri ədalətli və məsuliyyətli şəkildə tənzimləmək üçün mövcuddur. Məsələ də məhz buradadır. Bu müzakirə “kişinin mütləq iki və ya üç arvadı olmalıdırmı?” kimi primitiv və yanlış qoyulmuş sualdan başlamamalıdır. Söhbət hüquqi məcburiyyətdən yox, hüquqi imkanın mövcud olub-olmamasından gedir. Yəni, niyə Azərbaycan hüququ bir kişinin eyni vaxtda bir neçə rəsmi nikah bağlamasını prinsipial şəkildə istisna edir və bu imkanı hüquq müstəvisindən tamamilə çıxarır? Reallıq ondan ibarətdir ki, mövcud hüquqi qadağa paralel ailə münasibətlərini aradan qaldırmır. Sadəcə onları rəsmi hüquqi müstəvidən kənara itələyir. Bu gün Azərbaycan cəmiyyətində rəsmi nikahla yanaşı, faktiki olaraq ikinci və üçüncü ailə münasibətlərinin mövcudluğu heç kim üçün sirr deyil. Fərq yalnız ondadır ki, bu münasibətlər hüquqla deyil, gizliliklə idarə olunur. Azərbaycan ailə və mülki qanunvericiliyi faktiki münasibətlərdən doğan nəticələri artıq dolayısı ilə tanıyır. Nikahdan kənar doğulan uşağın hüquqları qorunur, atalığın müəyyən edilməsi mümkündür, aliment və miras hüquqları tanınır. Dövlət faktiki ailənin nəticələrini hüquqi müstəvidə qəbul edirsə, onda sual yaranır: niyə bu münasibətin özü hüquqdan kənarda saxlanılır? Bu vəziyyət hüquqi ziddiyyət yaradır. Hüquq nəticəni tanıyır, amma səbəbi görməzdən gəlir. Bu isə ailə hüququnun sistemli və məntiqi bütövlüyünü pozur. Məsələnin dini-sosial konteksti də nəzərə alınmalıdır. Azərbaycan cəmiyyəti özünü İslam dəyərləri üzərində formalaşdırmış cəmiyyət kimi təqdim edir. İslamda çoxnikahlılıq icazəli institutdur, lakin bu icazə şərtsiz deyil. Əsas şərt ədalət prinsipi, maddi və mənəvi məsuliyyət, tərəflərin məlumatlı və könüllü razılığıdır. Burada gizlilik yox, açıq hüquqi münasibət nəzərdə tutulur.

Hüquqi baxımdan maraqlı olan məqam budur: İslamda çoxnikahlılıq məsuliyyəti artıran mexanizmdir, müasir hüquqda isə qadağa məsuliyyəti azaldan faktora çevrilib. Çünki qadağa olan yerdə kişi əlavə nikaha görə hüquqi öhdəlik daşımır.

Birinci həyat yoldaşının razılığı məsələsinə gəldikdə isə, burada emosional və hüquqi anlayışlar tez-tez qarışdırılır. Ailə hüququ emosional reaksiya üzərində deyil, hüquqların qorunması üzərində qurulmalıdır. Əgər ikinci nikah nəticəsində birinci nikahda olan qadının əmlak, aliment, uşaqlarla bağlı hüquqları pozulmursa, onun hüquqi baxımdan hansı subyektiv hüququnun məhdudlaşdırıldığı sualı açıq qalır. Burada qərarverici meyar qısqanclıq və ya psixoloji narahatlıq yox, hüquqi pozuntu olmalıdır. Hüquq hissləri deyil, hüquqları qoruyur. Əgər hüquqlar pozulursa, məhdudiyyət tətbiq olunur. Əgər pozulmursa, hüququn sırf emosional əsaslarla qadağa qoyması mübahisəlidir. Bəlkə bu müqayisə bir qədər sərt görünə bilər, buna görə əvvəlcədən üzr istəyirəm. Lakin hüquqi məntiqi aydın göstərmək üçün bəzən ən sadə analoji ən düzgün izah vasitəsidir. Təsəvvür edin ki, bir kişi əmlak əldə edir. Sonra ikinci əmlakı alır. Daha sonra üçüncünü. Bu halda qanun ondan soruşurmu: birinci əmlakın “razılığı” varmı? Yaxud mövcud əmlakın hansısa emosional narahatlığı hüquqi meyar kimi nəzərə alınırmı? Mülki hüquqda şəxsin neçə əmlak əldə etməsi onun müstəsna mülkiyyət hüququnun tərkib hissəsidir. Şəxs bir mənzil də ala bilər, iki də, on da — qanun bu seçimin özünü məhdudlaşdırmır. Hüquqi məhdudiyyət yalnız o halda ortaya çıxır ki, bu seçim başqa bir şəxsin hüquqlarının pozulmasına, yaxud hüquqdan sui-istifadəyə səbəb olsun. Əgər belə bir pozuntu yoxdursa, hüquq şəxsin sərbəst iradəsinə müdaxilə etmir.

Eyni hüquqi məntiq ailə münasibətlərinə də tətbiq oluna bilər. Bir kişinin növbəti nikaha daxil olması avtomatik olaraq birinci nikahda olan qadının hüquqlarının pozulması demək deyil. Hüquqi qiymətləndirmə emosional narahatlıq üzərindən yox, konkret hüquqların – əmlak, təminat, aliment və uşaqların maraqlarının – pozulub-pozulmaması üzərindən aparılmalıdır. Əgər bu hüquqlarda real məhdudiyyət yoxdursa, sırf subyektiv etiraz hüquqi qadağa üçün kifayət qədər əsas ola bilməz.

Ailə hüququnda da məsələ eyni prizmadan baxılmalıdır. Bir kişinin ikinci nikaha daxil olması avtomatik olaraq birinci nikahda olan qadının hüquqlarının pozulması demək deyil. Hüquq sual verməlidir: konkret olaraq hansı hüquq pozulub? Əmlak hüququmu? Aliment təminatımı? Uşaqların maraqlarımmı? Əgər bu hüquqlar qorunursa, sırf “razı deyiləm” arqumenti hüquqi qadağa üçün yetərli əsas sayıla bilməz. Bu yanaşmada əsas yük qadının emosional razılığı üzərində yox, kişinin hüquqi və maddi məsuliyyəti üzərində olmalıdır. Kişi sübut etməlidir ki, onun seçimi mövcud hüquqları daraltmır. Əgər daraldırsa, hüquq müdaxilə etməlidir. Əgər daraltmırsa, hüququn sırf subyektiv hisslərə əsaslanaraq bu seçimi tam qadağan etməsi hüquqi baxımdan sual doğurur.

Ailə hüququnda qadağa özü-özlüyündə dəyər deyil. Dəyər hüquqların qorunmasıdır. Əgər bir norma faktiki olaraq məsuliyyətsizliyi təşviq edir, gizli münasibətləri artırır və zəif tərəfi hüquqsuz qoyursa, o norma artıq məqsədinə xidmət etmir. Hüquq bu nöqtədə seçim etməlidir: ya reallığı tənzimləmək, ya da onun yaratdığı problemləri səssizcə izləmək. Susmaq isə hüquqi mövqe deyil.

Aytac Qurbanova

Hüquqşünas

Oxşar xəbərlər