Mirasda məcburi pay institutunun sosial-hüquqi aspektləri


  • 4 Fevral 2022 15:33

Vərəsəlik ölmüş şəxsin (miras qoyanın) əmlakının başqa şəxslərə (vərəsələrə) keçməsidir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, miras qoyanın əmlakı vərəsələrə qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçə bilər.

Vəsiyyət üzrə vərəsəlik zamanı miras əmlak vəsiyyətnamədə göstərilən şəxslərə keçir. Bu zaman vərəsəliyin şərtləri və qaydası vərəsəlik hüququnun əsas prinsiplərindən olan vəsiyyət etmək azadlığına uyğun olaraq miras qoyanın iradəsi ilə müəyyən edilir. Mülki Məcəllənin 1176-cı maddəsinə əsasən, vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Vəsiyyətnamədə birbaşa göstərişlə mirasdan məhrum edilmiş şəxs vəsiyyətnaməyə daxil olmamış əmlak hissəsinə, vəsiyyət üzrə vərəsələrin mirası qəbul etməkdən imtina etdikləri halda da, qanun üzrə vərəsə ola bilməz.

Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 08 yanvar 2021-ci il tarixli Plenum Qərarında qeyd olunur ki, vəsiyyət etmək azadlığı prinsipi mütləq xarakter daşımır. Belə ki, mülki qanunvericilikdə vəsiyyət üzrə vərəsəlik və vəsiyyət etmək azadlığı məcburi vərəsələr institutu ilə məhdudlaşdırılmışdır. Məcburi pay hüququ olan vərəsələrə vəsiyyətnamədən asılı olmayaraq mirasdan məcburi pay almaq hüququna malik olan şəxslər aiddir. Həmin şəxslərin dairəsinin mövcudluğu vərəsəlik hüququnun cəmiyyətdə sosial-təminat funksiyasına malik olması ilə əlaqədardır. Bu funksiyanın təyinatı məhz birinci növbəli vərəsələr dairəsinə aid olan, bilavasitə miras qoyana daha yaxın olan, onunla bir qayda olaraq, birgə təsərrüfat aparan, onun himayəsində olan və ya həmin əmlakın əldə edilməsində bu və ya digər formada rolu olan şəxslərin maraqlarının müdafiəsindən ibarətdir. Vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olması ailə-təminat prinsipindən irəli gəlir. Bu prinsipə əsasən, mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlakın (əmlakın müəyyən hissəsinin) iqtisadi təminatı vəfatından sonra əsasən onun yaxın ailə üzvlərinə məxsus olmalıdır.

Mirasda məcburi pay – vərəsəlik hüququnun sosial-iqtisadi və əxlaqi yükü (dəyəri) olan ənənəvi hissəsidir. Mirasda məcburi payın anlayışı və ona hüququ olan subyektlərin dairəsi Mülki Məcəllənin 1193-cü maddəsində öz əksini tapmışdır. Həmin maddəyə müvafiq olaraq, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

Plenumun formalaşdırdığı hüquqi mövqeyə görə, məcburi pay institutunun göstərilən qaydada təsbit olunması vəsiyyət etmə və varis olma hüququnun sosial ədalət baxımından hədlərinin (sərhədlərinin) olması ilə əlaqədardır. Belə ki, Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edən vəsiyyətnamə əsasında bu şəxsləri mirasdan məcburi pay almaq hüququndan məhrum edə bilməz. Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə, yəni qanun üzrə vərəsələrdən məhz birinci növbə vərəsələri göstərməklə, qanunverici ailə münasibətlərinin qorunub saxlanması və himayə edilməsi məqsədini güdür.

Fidan İbrahimzadə

"Mirzayev and Partners Law Firm" hüquq şirkətinin hüquqşünası

Oxşar xəbərlər